Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.
Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və s. sahələri əhatə edir.