Valideynlərin nəzərinə: Niyə şagirdlər mətni oxuyur, amma anlamaqda çətinlik çəkirlər? - ŞƏRH

Valideynlərin nəzərinə: Niyə şagirdlər mətni oxuyur, amma anlamaqda çətinlik çəkirlər? - ŞƏRH backend

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məktəblərdə dördüncü sinif şagirdləri arasında keçirilən qiymətləndirmə monitorinqində hər iki uşaqdan birinin mətni oxuyub, əsas ideyasını anlamaqda çətinlik çəkdiyini bildirib

Bəs buna səbəb nədir? Bu halın baş verməsində uşaqların erkən yaşda məktəbə getməsinin təsiri varmı?

Sosial psixoloq və ailə məsləhətçisi İlhamə Mustafayeva Oxu.Az-a açıqlamasında bildirib ki, uşaqlar məktəbə fiziki, intellektual, emosional və psixoloji cəhətdən hazır olmalıdırlar:

“Uşaqları erkən yaşda məktəbə qoymaq onların təhsilində problem yarada bilər. Bunu ən çox ambisiyalı valideynlər edirlər. Onlar uşaqların intellektual inkişafına xüsusi əhəmiyyət verirlər, ya da vaxt qazanmaq üçün belə edirlər. Uşağı oyuncaqları ilə doya-doya oynamadan, oyuna olan tələbatlarını ödəmədən erkən yaşdan intellektual inkişafına yönəltmək yanlışdır.

Uşağın məktəbə hazır olması təkcə intellektual baxımdan olmamalıdır, uşaq məktəbə psixoloji və fiziki də hazır olmalıdır. Ən azı, fiziki cəhətdən dərsdə oturmağı bacarmalıdır. Azyaşlı uşaqlar hətta 35 dəqiqə bir yerdə oturmaqda çətinlik çəkirlər. Birinci sinif şagirdi fiziki cəhətdən buna hazır olmadan ardıcıl dörd saat oturmağa dözür və sonradan bunun fəsadı ağır ola bilər. Eyni zamanda, əsəb və mədə-bağırsaq sistemi üçün də problemləri yaranır”.

O qeyd edib ki, psixoloji və fiziki cəhətdən məktəbə hazır olmayan uşaq tez yorulur, qıcıqlıq səviyyəsi artır və kaprizli olur:

“Çox vaxt uşaqların bu davranışı tənqid edilir. Nəticədə uşaqlar daha da gərgin və emosional olurlar. Bunun əvəzinə uşağa anlayış göstərib, onu dinləmək, hisslərini duymaq lazımdır. Uşaq məktəbə hazır olduqda bu addımı atmaq olar. Bu, uşağın individuallığına bağlıdır.

Elə uşaqlar var ki, məktəbə altı yaşda həm fiziki, həm intellektual, həm psixoloji cəhətdən hazır olurlar. Təhsil zövq verməli və öyrənmə maraqlı olmalı, uşağa sevinc bəxş etməlidir. Çox təəssüf ki, yuxarıda qeyd etdiyim kimi, valideyn uşağın məktəbə hazır olmasının yalnız intellektual tərəfini görür, bu tərəfin inkişafına üstünlük verir”.

“Düşünürəm ki, yuxarı siniflərdə təhsillə bağlı yaranan problemlərin qaynağı məhz bu səbəblərlə çox əlaqəlidir. Uşaq yaşına və maraqlarına görə inkişaf etdirilməlidir. Çox zaman valideynlər öz şəxsi psixoloji səbəblərindən dolayı və “qonşudan geri qalmamaq üçün” uşaqların yaşlarına və bacarıqlarına uyğun olmayaraq, həddindən çox yükləyirlər, bu da neqativ geri dönüşlərə gətirib çıxarır.

Digər səbəb kimi həddindən çox virtuallaşan dünya da uşaqlara mənfi təsir edir. Valideynlər uşaqları ilə mümkün qədər çox ünsiyyət qurmalı, vaxt keçirməli, yaşlarına uyğun fiziki işlərə sövq etdirməlidirlər. Uşaqların təkcə intellektual tərəfdən inkişaf etdirilməsi onların inkişafında disbalans yaradır.

Uşaqların hərtərəfli inkişafı üçün kiçik yaşlardan əməyə alışdırmaq, yaşlarına uyğun olan işlərə sövq etdirmək, məsuliyyət hissini onlarda formalaşdırmaq, problemləri həll etmək bacarıqlarını öyrətmək lazımdır.

“Uşaqdır” deyib, hər şeyi onların əvəzinə edən valideynlərin övladları çox vaxt psixoloji və emosional cəhətdən geri qalırlar. Uşaqlar bizim gələcəyimizdir, bu gələcəyi təhsilli və xoşbəxt görmək üçün valideynlər və müəllimlər olaraq bu sahədə öz məsuliyyətimizi bilməliyik”, - deyə psixoloq əlavə edib. 

Diaspora