BTİ əhalinin rəqəmsal savadlılıq səviyyəsini qiymətləndirmək üçün Azərbaycanla tərəfdaşlıq edir

BTİ əhalinin rəqəmsal savadlılıq səviyyəsini qiymətləndirmək üçün Azərbaycanla tərəfdaşlıq edir backend

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Azərbaycanla fəal əməkdaşlıq edir.

Bunu Trend-ə Bakıda keçirilən "GSMA M360 Eurasia 2023" konfransı çərçivəsində BTİ-nin MDB ölkələri üzrə regional ofisinin direktoru Natalya Moçu deyib.

BTİ-nin əməkdaşlığının əsas istiqamətlərindən danışan Natalya Moçu iki prioritet istiqaməti - rəqəmsal savadlılığın qiymətləndirilməsi və kibertəhlükəsizliyi qeyd edib.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Milli Statistika Komitəsi ilə birlikdə əhalinin rəqəmsal savadlılıq səviyyəsinin qiymətləndirilməsi üzərində işləyirik. Bu, sözün əsl mənasında bu il başladığımız kifayət qədər həcmli bir işdir", - deyə o bildirib.

Onun sözlərinə görə, hələlik nəticələr müsbətdir.

"Qeyd etmək istəyirəm ki, Azərbaycan bütün lazımi məlumatları toplayır. Layihənin məqsədi vahid, statistik sorğu vərəqəsinin yaradılması və bütün ölkə üzrə sorğuların aparılmasıdır. Bu layihə 11 minə yaxın ailəni, eləcə də nazirlikləri və universitetləri əhatə edəcək. O, həm ümumi rəqəmsal savadlılıq vəziyyətini, həm də sənaye və ya təşkilatlarda xüsusi ehtiyacları müəyyən etmək məqsədi daşıyır", - deyə N.Moçu bildirib.

O, həmçinin Azərbaycan hökumətinin qarşısına qoyduğu məqsədin - bütün vətəndaşlara dövlət xidmətlərindən istifadə etmək üçün bərabər imkanların yaradılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığın növbəti prioritet sahəsi kibertəhlükəsizlikdir.

"Azərbaycanda kibertəhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi üçün lazım olan infrastruktur artıq mövcuddur, lakin buna baxmayaraq, biz görürük ki, ölkə mövcud bacarıqların yenilənməsi, gücləndirilməsi və təkmilləşdirilməsində çox maraqlıdır. Bununla əlaqədar olaraq, biz Azərbaycanla bu sahədə həll edilməli olan vəzifələrin qiymətləndirilməsi və müəyyənləşdirilməsi istiqamətində işləyirik", - deyə o əlavə edib.

 

 

Diaspora