Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin birinci sinif şagirdlərinin “Heydər Əliyev İli” çərçivəsində hesabat konserti təşkil edilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən idarə rəisi Ş.Şahbazov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, eləcə də Azərbaycan musiqi sənətinə, bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib, uşaqlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin uşaqlara göstərilən diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Sonra birincilərin ifasında “Heydər babanın nəvələriyik ” mahnısı, F.Əmirovun “Qatar”, Q.Qarayevin “Oyun”, eləcə də, bir neçə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib, “Bakı”, “Nəlbəki”, “Şalı-şalı” rəqsləri və səhnəciklər nümayiş olunub.
Tədbirin təşkilində iştirak edən fəal şagirdlərə tərifnamələr təqdim edilərək konsert proqramı sona çatıb.