Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda repetitor fəaliyyətinin ləğvinin gündəmdə olmadığını bildirib.
Nazir qeyd edib ki, bu fəaliyyət qadağan edilə bilməz:
“Bəzən repetitorluğun tərifini düzgün vermirik. Repetitorluq yalnız tənzimlənə bilər. Yəni repetitorluq harada baş verə bilər, kim kimə repetitorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə, bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək”.
Mövzuya münasibət bildirən Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə Bakupost.az-a açıqlamasında deyib ki, Azərbaycanda repetitorluq fəaliyyəti ləğv olunmalıdır. Çünki repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edib:
“Bu gün 9, 10, 11-ci sinif şagirdlərinin çoxu məktəbə yox, repetitor yanına gedir. İbtidai siniflərdə də vəziyyət ürəkaçan deyil. İbtidai sinif müəllimlərinin çoxu repetitorluğa, əlavə hazırlıqlara həddindən artıq meyil edir, nəticədə tədris prosesi kölgədə qalır. Tamamilə repetitorluq fəaliyyətinə fokuslanan bəzi ibtidai sinif müəllimləri şagirdləri də məhz bu rakursdan qiymətləndirirlər. İbtidai sinif müəllimlərinin repetitorluq sevdası azyaşlı şagirdlərə qarşı laqeyd münasibətin də yaranmasına səbəb olur. Bu isə azyaşlı şagird psixologiyasına birbaşa ağır zərbə vurmuş olur”.
Professorun sözlərinə görə, orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Biliyin mənimsənilməsinə deyil, əzbərçiliyə xidmət edən repetitorluq təhsildə ciddi fəsadlar törədir. Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirib:
“Müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar. İbtidai təhsil orta və ali təhsildən daha vacibdir. İbtidai təhsildə uşaq bir növ dünyaya göz açır, beyni formalaşır, yaddaş əmələ gəlir. Bu yaddaşı nə qədər sağlam etsək, millət də bir o qədər sağlam olacaq. İbtidai təhsilə bu cür laqeyd münasibət ümumi təhsilə ağır zərbədir. Ümumilikdə, repetitorluq millətə arxadan vurulan bıçaq yarasıdır. Müəllim evdə dərs deyə bilər, amma, uşaqlarda vətənpərvərlik hissləri formalaşdıra bilməyəcək. Məktəb kompleks bir yerdir. 5-6 repetitor bir məktəbi əvəz edə bilməz. Repetitorluq biznesdir, özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Ölkədə repetitorluq fəaliyyətinin bu qədər geniş yayılması onu göstərir ki, dövlətin təhsil sistemində qüsurlar var”.
Ş.Əsgərov qeyd edib ki, repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemində müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları, həm də təhsilalanların vətənpərvərlik tərbiyəsi, onlara millətə, xalqa sevgi aşılamaq üzərində qurulub.
Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin idmandan, musiqidən, rəssamlıqdan heç bir anlayışı olmur:
“Repetitor, eyni zamanda, pedaqoji prosesi pozur, hətta ən mükəmməl müəllimlər belə bəzən repetitorluq dalğasına tabe olur və məktəbdəki dərsləri yaxşı keçmir. Şagirdlərinə fərdi hazırlıqları aşılayırlar. Repetitorluq dövlətin təhsil siyasəti aparmasını əngəlləyir, orta məktəblərin yuxarı siniflərini iflic edir”.
Professorun sözlərinə görə, məktəblər bütöv sinfə dərs deməyi bacarsa, repetitorluğun kökünü kəsə bilərlər:
“Bu qüsurun açarı Elm və Təhsil Nazirliyinin əlindədir. Əks halda, ölkəni bürüyən repetitorluq kütləvi təhsili məhv edəcək”.
Təhsil eksperti Elçin Əfəndinin fikrincə isə, repetitorluq fəaliyyəti o zamana kimi davam edəcək ki, şagird orta məktəbdə aldığı təhsillə kifayətlənəcəklər:
“Əgər repetitorluq fəaliyyətini sıradan çıxarmağı qarşımıza məqsəd qoyuruqsa, o zaman bu fəaliyyətlə məşğul olanlarla bağlı xüsusi və sərt qayda-qanunlar işlənib hazırlanmalıdır. Onlar yaxşı məvacib müqabilində orta məktəb, lisey və s. kimi müəssisələrə işə dəvət edilməlidirlər. Həmçinin təhsil müəssisələrində keyfiyyəti artırmalı, müəllimlərə nəzarəti gücləndirmək lazımdır. Bunu tətbiq edən bir sıra məktəblər, liseylər var. Bu müəssisələrdə keyfiyyətli təhsil olduğu üçün şagirdlər repetitorluğa ”yox” deyirlər. İstisna hal kimi, bir-iki şagird ola bilər ki, liseyin verdiyi təhsillə ayaqlaşmadığı üçün məhz repetitora üz tutsun. Orta məktəblərdə elə mühit formalaşıb ki, müəllim şagirdə onun yanına gedib hazırlaşmadığı üçün qiymət yazmır və yaxud yazırsa da, bu, aşağı olur. Təsəvvür edin, bu cür düşüncəyə malik “müəllim”lər nə qədərdir. Deməli, buradan belə nəticə çıxır ki, qanunlar sərtləşdirilməlidir. Keyfiyyət artırılmalıdır. Bu zaman repetitorluq yüz faiz deyil, ən azı 80-90 faiz sıradan çıxarıla bilər”.