DİM 9 illik bazadan kolleclərə tələbə qəbulu elan edib

DİM 9 illik bazadan kolleclərə tələbə qəbulu elan edib backend

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

DİM-dən  verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2023-cü il aprelin 4‑dən 24-dək internet vasitəsilə aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

• şəhid ailəsinin üzvləri;

• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

• məcburi köçkün statusu olan şəxslər;

• I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2022-ci ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətnində, tələbə qəbulu elanının tam mətni ilə buradan tanış olmaq mümkündür.

Diaspora