İdarədən bu haqda məlumat verilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ali məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları, eləcə də təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən bildirib ki, belə tədbir Azərbacan Memarlıq və İnşaat Universitetində baş tutub. İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova bu haqda məlumat verib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri təhlil olunduqda, 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayı çoxluq təşkil edir:
"Hər bir gəncin yüksək bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir".
Belə tədbirlərin ilin sonunadək Bakı şəhərində bütün ali məktəblərdə keçirilməsi nəzərdə tutulur.