Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb.
“Report”un məlumatına görə, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək.
O bildirib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır:
“Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil”.
Həmin səviyyələr aşağıdakılardır:
1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları
Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.
2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları
Yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.
3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları
Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.