“Atamızın yolunu davam etdirəcəyik”- Prezident təqaüdçüsü olan BACILAR

“Atamızın yolunu davam etdirəcəyik”- Prezident təqaüdçüsü olan  BACILAR backend

2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

 

Nəzrin və Həmidə Sadıqlı bacıları da bu istedadlı gənclərdəndir.  Nəzrin Sadıqlı - 660,9 , Həmidə Sadıqlı - 660,2 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olublar.

 

Hər iki bacı sevinclərini AzEdu.az-la bölüşərək, çox çalışdıqlarını və dərslərə hər zaman hazırlıqlı olduqlarını bildiriblər:

 

“İkimiz də eyni ixtisas qrupunu seçdiyimiz üçün birlikdə hazırlaşırdıq. Qəbul imtahanında istədiyimiz nəticəni əldə etmək üçün 2 il çalışdıq. Amma bu göstərici sadəcə son iki ilin deyil, 11 illik əziyyətimizin bəhrəsidir. Bu 11 ildə dərslərə hər zaman xüsusi hazırlaşmışıq. Uğurlu nəticə göstərmək üçün biliyin təməlini möhkəm qoymaq lazımdır. Bu səbəblə orta məktəbdə dərslərimizə həmişə diqqətlə yanaşmışıq”.

 

“Hüquq fakultəsini seçməklə atamızın yolunu davam etdirəcəyik, o da eyni universitetin eyni fakultəsini bitirib”

 

“Biz hər zaman Hüquq fakultəsinin tələbəsi olmaq istəmiş və bunu hədəfləmişik. Bilirdik ki, bunun üçün çox çalışmalıyıq. Qarşımıza məqsəd qoyduq və bu uğurda irəlilədik. Çox şükür ki, əziyyətimizin nəticəsini gördük və məqsədimizə nail ola bildik. Bu ixtisasa marağımız atamızdan bizə keçib. Bakı Dövlət Universitetini seçməyimizin isə öz səbəbləri var. Həm 103 illik tarixə malik bir universitetdir, həm də atamız məhz bu universitetin Hüquq fakultəsini bitirib. Biz də onun yolunu davam etdirəcəyik”.

 

Onlar qəbul nəticələrini və təqaüdlə bağlı xəbəri ilk olaraq valideynlərindən öyrəndiklərini söyləyiblər:

 

“Qəbul nəticələrimizi ilk valideynlərimiz eşidib və bizə məlumat vermişdilər. Prezident təqaüdünə layiq görülməyimizi isə ilk anamız öyrəndi və bizə dedi. Bu bizim üçün sürpriz oldu. Çox sevinirik ki, valideynlərimizin və müəllimlərimizin əziyyətini yerdə qoymadıq”.

 

Hər iki bacı magistr təhsilini xaricdə davam etdirmək istədiklərini, daha sonra isə ölkəyə qayıdaraq burada çalışmağı hədəflədiklərini bildiriblər:

 

“Bakalvr pilləsini ölkəmizdə başa vurub, magistratura üzrə xaricdə təhsil almaq istəyirik. Hələ ki, hansı ölkə olacağını düşünməmişik, təhsilimiz müddətində daha yaxşı araşdıraraq bu qərarı verəcəyik. Yəqin ki, magistraturada hüququn fərli sahələrinə yönələcəyik. Amma təhsilimizi başa vurduqdan sonra mütləq ölkəmizə qayıtmağı və dövlətimizə peşəkar kadr kimi xidmət etməyi hədəfləmişik. Dövlətimiz və dövlətçiliyimizin qorunması, layiqli vətəndaş olmaq üçün çalışacağıq. Xaricdə öyrəndiklərimizlə ölkəmizin inkişafına çalışmağı arzulayırıq”.

Diaspora