Yeni dərs ilinə hazırlıq: məktəbli ləvazimatları neçəyədir?

Yeni dərs ilinə hazırlıq: məktəbli ləvazimatları neçəyədir? backend

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq məktəbli ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara axın başlayıb. Belə ki, valideynlər məktəb üçün lazım olan ləvazimatları almaqla yeni tədris ili üçün indidən tədarük görürlər.

"Report"un əməkdaşı paytaxtda yerləşən məktəbli ləvazimatları mağazasında olub, qiymətlərlə maraqlanıb.

Müşahidələr zamanı məlum olub ki, qiymətlərin bahalaşdığı iddia olunsa da, bəzi satıcılar məhsullara endirimlər tətbiq etdiklərini bildirirlər. Satıcı Orxan Eyyubov deyir ki, qələmlərin qiyməti 10 qəpikdən başlayır. Dəftərlərin qiyməti isə 40-50 qəpik təşkil edir.

O, gün ərzində kifayət qədər satışın həyata keçirildiyini vurğulayır:

"Qiymətlər münasibdir. Qələmlərin qiyməti 10 qəpikdən başlayır və 1 manata qədər yüksəlir. Rusiya istehsalı olan 48 vərəqli dəftərlər 90 qəpikdir. Bir bağlamada 12 ədəd olur. Bu da 10 manat 80 qəpik təşkil edir. Həmçinin A4 ölçülü dəftərlərin qiymətləri 2 manat 50 qəpikdən başlayır və 8-9 manata qədər dəyişir. Ağardıcılar isə 70 qəpikdən 2 manatadək qiymətdə olur".

Termosların qiymətinə gəlincə, satıcı qeyd edib ki, həcmə görə bu məhsulun da qiyməti müxtəlifdir. Onun sözlərinə görə, termoslar 7 manatdan başlayaraq 26 manata qədər qiymətdə təklif olunur.

Məktəbli çantalarının qiyməti isə 25 manatdan 150 manata qədər dəyişir.

Paytaxtda fəaliyyət göstərən digər məktəbli ləvazimatları mağazasının satıcısı Əlövsət Mustafayev qiymətlərin kifayət qədər qənaətbəxş olduğunu və alıcılara müəyyən endirimlərin edildiyini bildirib:

"12 vərəqli dəftərin qiyməti 40 qəpik, 24 vərəqli isə 60 qəpikdir. Çantaların qiyməti müxtəlifdir, keyfiyyətinə görə fərqlənir. Yəni 15-30 manata da çantalar var. Sadə karandaşlar 30 qəpik, pozan 15-20 qəpikdir. Dəftər və kitab üzlərinin qiyməti 20-25 qəpik təşkil edir. Məktəbli gündəliyi 2-3 manatdır".

loading...
Diaspora