Bu gün Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qapalı iclası keçirilib. İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və rəyasət heyətinin üzvləri iştirak ediblər.
"AMEA-nın Nizamnaməsi hazırlananda bu qurumun tarixi ənənələri yəqin ki, olduğu kimi saxlanacaq''. Bunu iclasda müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə açıqlamasında Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib. O bildirib ki, qapalı iclasda fərmanda nəzərdə tutulan və qarşıda duran məsələlərin icrası üçün görüləcək bəzi tədbirlər müəyyənləşdirilib.
Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli isə jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub. Akademiyanın tərkibində olan bəzi institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür.
Akademiyanın digər yüksək vəzifəli şəxsləri də sözügedən fərmanın Azərbaycan elminin inkişafına xidmət edəcəyini bildiriblər.
Qeyd edək ki, Milli Elmlər Akademiyası açıqlama da yayıb. Açıqlamada akademiyanın rəhbərliyi və kollektivi ölkədə elm və təhsilin inteqrasiyasının yeni
mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan fərmana görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. (xezer.xeber)