DİM üzr istəmişdi, imtahanda yenə problem oldu

DİM üzr istəmişdi, imtahanda yenə problem oldu backend

Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturaya və dissertantura səviyyəsində ingilis dili üzrə qəbul imtahanında ardıcıl ikinci dəfə problem yaranıb. 

Bu iddia ilə “Qafqazinfo”ya doktorantlar müraciət ediblər. İyunun 12-də keçirilən imtahanda dinləmə bloku üzrə qurğuda yaranan problem səbəbindən imtahan verə bilməyən şəxslər bu gün növbəti dəfə oxşar hadisə ilə üzləşiblər:

“Bu gün “speaking” - danışıq bloku üzrə DİM-in inzibati binasında təşkil edilən imtahanda səsyazma qurğularında yaranmış problemlə əlaqədar namizədlər yenə çətinlik yaşayıblar. Bizə problemin üç-dörd saat sonra aradan qaldırılacağı deyilib. Bununla razılaşmayanlara isə iyunun 19-u 17:00-da imtahana gələ biləcəkləri deyilib. Biz artıq iki dəfədir ki, stres yaşayırıq. Sözsüz ki, bu, bizim nəticələrimizə də təsir edir”.

Qurumun mətbuat xidmətindən cavab olaraq qurğulardan istifadə ilə əlaqədar problem yarandığını təsdiqləyiblər. Qeyd olunub ki, məsələ yerində həll olunub və hazırda imtahan prosesi davam edir:

“Danışıq bloku imtahanı kompüter proqramı və digər texniki qurğular vasitəsilə həyata keçirilir. Bununla əlaqədar proqramın demo versiyası da bir neçə gün əvvəl iştirakçılara təqdim olunub və həm danışıq bloku üzrə ümumi məlumat, həm də imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunub. Bir neçə namizədin imtahanda bəzən təlimatı doğru yerinə yetirməməsi, bəzən isə qurğulardan istifadə ilə əlaqədar gecikməsi müşahidə olunub. Ancaq məsələ yerində həll olunub və imtahan hal-hazırda davam edir. Namizədlər imtahanda iştirak edirlər”.

DİM-dən bildirilib ki, danışıq bloku imtahanları ayın 19-dək davam edəcək.

Qeyd edək ki, iyunun 12-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları zamanı istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilmişdi. Qurum baş verən uyğunsuzluqla əlaqədar bütün imtahan iştirakçılarından üzr istəmişdi. Dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkən iştirakçıların müraciəti əsasında DİM tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacağı bildirilmişdi. 

Diaspora