"Məktəblərdə verilən yüksək qiymətlər şişirdilir" - DİM

"Məktəblərdə verilən yüksək qiymətlər şişirdilir" -  DİM backend

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" 12 jurnalında qeyd olunub.

Bildirilib ki, “5” qiymətlə bitirən məzunların yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib: "Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir"

"Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

"Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin", - DİM-in jurnalında qeyd edilib.

Diaspora