DİM imtahanda mobil telefon aşkar edilənlərə niyə ikinci şans vermir? - AÇIQLAMA

DİM imtahanda mobil telefon aşkar edilənlərə niyə ikinci şans vermir? -  AÇIQLAMA backend

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahan zamanı altı nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. DİM onların gələcəkdə imtahanda iştirak etmək hüququnu məhdudlaşdırıb ki, bunun da düzgün qərar olmadığı iddia edilir. 

Ekspertlərin sözlərinə görə, imtahan iştirakçısı kənar köməkçi vasitələri imtahana gətirməməlidir və imtahanın gedişini pozan hərəkətlərə yol verməməlidir. Bunlar baş verərsə, o imtahan iştirakçısının həmən imtahan nəticəsi ləğv olunur. 

Məsələ barədə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

DİM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndinə əsasən abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır: 

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək; 

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək; 

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək; 

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq; 

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək; 

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək; 

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.4.2-ci yarımbəndinə əsasən abituriyentin imtahana mobil telefon və digər rabitə vasitələri gətirməsi və ya onlardan istifadə etməsi qadağandır:

Qurumdan eyni zamanda, qeyd edilib ki, həmin Qaydaların 6.5-ci bəndinə əsasən abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir:

“Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Qeyd edilən hərəkətlərə yol verdiyi aşkar edilən abituriyentin həm müsabiqə, həm imtahan nəticələri ləğv edildiyindən, həmin abituriyentlərin imtahanın ikinci cəhdinə buraxılması heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, onların müsabiqə nəticələri, yəni müsabiqədə iştirakı ləğv edilir”.

Diaspora