Təhsil naziri Emin Əmrullayev şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara aydınlıq gətirib.
“Report”un məlumatına görə, o, “QəbuldASAN” verilişində deyib ki, bu ildən ibtidai siniflər üzrə dərsliklər yarım illərə bölünüb.
E.Əmrullayev bildirib ki, nazirlik dərs yükünün azaldılması istiqamətində əlindən gələni edir: “Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil”.
“Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədə uyğundur”, - o deyib.