“Bu il bağçalara tərbiyəçilərin imtahanla işə qəbulu nəzərdə tutulur”.
Qaziler.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
O bildirib ki, indiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin bundan sonra xüsusi imtahanla işə götürüləcəklər: “Adətən imtahanlar yay mövsümündə keçirilir. Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək. Bu ildən bunun tətbiqi nəzərdə tutulur ki, şəffaflıq təmin olunsun”.
Şöbə müdiri bağçalara işə qəbul imtahanlarında hansı sahələr üzrə sualların salınacağı məsələsinə də aydınlıq gətirib. O deyib ki, bağçalara işə qəbul üçün müəllimlərin, təhsilvermə kadrlarının işə qəbulu ilə bağlı müvafiq İşçi Qrup yaradılıb:
“Orada bu istiqamətlərlə bağlı iş aparılır və imtahan suallarının hansı mövzuları əhatə edəcəyi də açıqlanacaq. İmtahanlarda nəsə qeyri-adi vəziyyətin yaranacağını düşünmürük, suallar bir bağça tərbiyəçisinin nələri bilməli olduğu, əvvəl aldığı təhsillə bağlı olacaq. Gələcək nəslə necə tərbiyə vermək lazım olduğu təminat altına alınmalıdır, bilinməlidir ki, bu şəxs həqiqətən də uşaqlarla işləməyə hazırdır, ya yox”. (Apa)