"Gələn ildən bağça müəllimlərinin mərhələli şəkildə sertifikatlaşdırılmasına başlanıla bilər".
Apa xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) çalışan təhsilverənlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi prioritet məsələlərdən biridir:
"Burada tək yoxlamaq, sertifikatlaşdırmaq haqqında deyil, həm də onların peşəkarlığının inkişafı üçün şərait yaratmaqdan danışmalıyıq. Bu mənada bu il dövlət müəssisələrinin tərbiyəçiləri üçün inkişaf etdirici təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu təlim proqramlarından sonra mərhələli şəkildə onların da peşə qabiliyyətlərinin yoxlanılmasına, başqa sözlə sertifikatlaşdırılmasına keçilə bilər" - deyə o qeyd edib.