Azərbaycan təhsilinin "9 illik" problemi

Azərbaycan təhsilinin "9 illik" problemi backend

Bölgələrdə, xüsusən ucqarlarda 9 illik məktəblərin olması ciddi problemlərə yol açır. Belə ki, bu məktəblərdə 9-cu sinifi bitirən şagirdlərin əksəriyyəti bir çox səbəbdən 10 və 11-ci siniflər üzrə təhsil ala bilmir. 9 illik məktəblərin əksəriyyətinin ucqar kəndlərdə olmasını nəzərə alsaq, vəziyyət kifayət qədər aydın olar. Öz kəndinin 9 illik məktəbini bitirən şagird, növbəti ildən qonşu kənddə təhsilini davam etdirmək məcburiyyətində qalır.

Bir çox hallarda da bu istək, elə istək olaraq da qalır. Nəqliyyat, yol və digər çətinliklər səbəbindən şagirdlər hər gün qonşu kəndə və ya rayon mərkəzinə gedib, təhsillərini tamamlamağı bacarmırlar.

Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, hazırda Bakıda 7, regionlarda isə 767 ümumi orta məktəb (9 illik) fəaliyyət göstərir.

Qeyd edilib ki, qanunvericiliklə ümumi təhsilin üç səviyyəsi təsbit olunmuşdur – ibtidai, ümumi orta və tam orta təhsil. Eləcə də 9 illik təhsil icbari xarakter daşıyır. Tam orta təhsil icbari deyil və şagirdlər öz seçimlərinə əsasən, tam orta təhsil səviyyəsinə keçmədən, 9 illik təhsil səviyyəsini bitirib, bundan sonra peşə təhsili və digər müəssisələrdə öz təhsillərini davam etdirə bilirlər.

"Ümumiyyətlə, məktəblər yerləşdikləri ərazinin şagird kontingentinə əsasən təşkil olunur. Konkret ərazidə tam orta təhsil səviyyəsində təhsilalanların olmaması, yaxud onların sayının azlığı və yaxında yerləşən digər yaşayış məntəqəsində 11 illik məktəbin mövcud olduğu vəziyyətlərdə, qeyd olunan ərazidə fəaliyyət göstərən məktəbdə təhsilin yalnız 9 illik, yəni ümumi orta səviyyəsi təşkil olunur. Yaxud həmin səbəblərdən hətta ibtidai təhsil müəssisəsi də təşkil oluna bilir. İllər keçdikcə həmin təhsilalanların kontingentinin artımı, yaxud digər hallarda kontingetin azalması nəticəsində 9 illik məktəbin 11 illik məktəbə, yaxud əksinə dəyişdirilməsi baş verir, yəni məktəblərin tipi dəyişir.

Məktəblərin təşkilində həmçinin onların maddi-texniki təminatı, binası və s., ən önəmlisi də kadr bazası mühüm rol oynayır. Hətta məktəbin texniki təminatı-binası imkan verdiyi halda belə, əgər kadr çatışmazlığı varsa, həmin halda tam orta təhsil müəssisəsinin təşkili mümkün olmur. Məlum məsələdir ki, təhsilalanların sayı az olan ərazilərdə əhali sayı da məhdud olur və bu da məktəbin müəllim kollektivinin yığılmasına birbaşa təsir edir. Bu zaman da yaxında yerləşən digər yaşayış məntəqəsində məktəb mövcud olduğu halda, sözü gedən ərazidə yalnız ibtidai, yaxud da 9 illik məktəb təşkil olunur", - deyə bildirilib.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, kəndlərdə mövcud olan ibtidai, ümumi 9 illik məktəbləri bitirənlər bundan sonra digər kəndlərdə məktəblərə gedirlər.

 

"Biz qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil edəndə bu amilin keyfiyyətə bilavasitə təsir göstərdiyini görürük. Belə ki, şagirdlərin digər məktəblərə gedişində davamiyyət problemi olur. Çünki digər kəndlərdə məktəblər uzaq məsafədə yerləşir və qış aylarında avtobus və digər nəqliyyat olmadığı üşün əlçatanlılığa təsir edir.

Ona görə də hər bir məktəbdə şagird sayından asılı olmayaraq tam orta məktəblər təşkil edilməlidir. Bu həm təhsilin keyfiyyətinə, həm də əlçatanlılığına müsbət təsir göstərər", - deyə o əlavə edib.

Diaspora