“Hədəfim 700 bal idi, səhvə yol verdim” - Prezident təqaüdçüsü

“Hədəfim 700 bal idi, səhvə yol verdim” -  Prezident təqaüdçüsü backend

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. 

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb. 

 

 

Bu tələbələr 250 manat Prezident təqaüdü alırlar.

 

 

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq. 

 

ARAYIŞ: Baxşəliyev Eldar Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin məzunudur. Qəbul imtahanları zamanı 679.8 bal toplayıb. Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə ali təhsil alır. 

 

 

Eldar həyatındakı uğura gedən yol haqqında Modern.az-a danışıb. 

 

- Eldar, neçə yaşından həkim olmaq istəmisən? Həm də niyə məhz həkim? 

 

- Həkimlik peşəsinə maraq məndə təqribən 8-9 yaşlarında başlamışdı. Düşünürəm ki, Allahın insanlara bəxş etdiyi həyatı insanın gözəl yaşaması üçün səhhətinin sağlam olması lazımdır. Məhz bu sağlamlığın qorunmasında həkimlərin rolu böyükdür. Bu səbəbdən bu peşəni seçmişəm.

 

 

- İmtahana necə hazırlaşırdın? Çalışamlar davamlımı olurdu, yoxsa fasilələrləmi çalışırdın? 

 

- İmtahanlara hazırlaşarkən vaxtımı düzgün bölmüşdüm. Yuxu və yemək saatlarıma diqqət yetirərək istirahətimə də vaxt ayırırdım. Dərslərə hazırlaşarkən ayırdığım zamanın çoxluğuna deyil, mənimsədiyim biliyin həcminə fikir verirdim. 

 

- Gələcəkdə peşən üzrə nələri etməyi düşünürsən? Xüsusi planların varmı? 

 

- Azərbaycan Tibb Universitetindən əldə etdiyim nəzəri bilikləri praktikalar sayəsində dərinləşdirmək istəyirəm. Hər bir sahədə olduğu kimi tibb sahəsində də inkişaf sürətlə gedir. Dünyada əldə olunan müasir tibbi nailiyyətləri Azərbaycana gətirmək əsas hədəflərimdəndir. 

 

- Qəbul imtahanı zamanı ən yüksək nəticəni hansı fəndən göstərmişdin? 

 

- Hədəfim 700 bal toplamaq idi. Riyaziyyat, Fizika və İngilis dili fənlərindən bütün suallara doğru cavab verərək maksimal bal toplamışdım. Qalan 3 fənnin hər birindən sadə səhvlərə yol verdiyim üçün, təəssüf ki, istədiyim nəticəni ala bilmədim. 

 

- Xaricdə təhsil almaq istəyərsən? 

 

- Bakalavr təhsilimi Azərbaycanda alıb, rezidentura təhsilimi isə xaricdə davam etdirmək istəyirəm. Bu mənə digər ölkələrdəki tibbi-təcrübi biliklərə də yiyələnməyə imkan yaradacaq. 

 

- Özünü cərrah, pediatr, yoxsa oftalmoloq olaraq görürsən? 

 

- İstənilən sahə üzrə ixtisaslaşmaq həkimdən ciddi məsuliyyət tələb edir. Özümü həkim-cərrah olaraq görürəm. Bu ixtisasın çətinliklərinin öhdəsindən gələ biləcəyimə inanıram. 

 

- Ailən imtahanlar zamanı sənə necə dəstək olurdu? Səndən başqa ailədə ali təhsil alan var? 

 

- İstər orta məktəbdə təhsil aldığım dövrdə, istərsə də imtahan ərəfəsində ailəm həmişə mənim yanımda olub. Onların mənə olan inamı və dəstəyi yüksək nəticə əldə etməyimə səbəb olub. Ailəmizdə atam ali təhsillidir. 

 

- Eldar, imtahan verəcək bir şagird uğur qazanmaq üçün nələr etməlidir? 

 

- İlk olaraq zamanı düzgün bölüşdürməlidir. Seçdiyi ixtisasın tələb etdiyi fənləri əzbərçiliklə deyil, mənimsəməklə öyrənməlidir. Yuxu və qidalanma rejiminə ciddi əməl etməklə yanaşı istirahətinə də vaxt ayırmalıdır.

Diaspora