Bu gün növbəti buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Bu gün növbəti buraxılış imtahanı keçirilib -  YENİLƏNİB backend

Dövlət İmtahan Mərkəzi martın 6-da respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Mərkəzdən  verilən xəbərə görə, pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 111 imtahan binası, 1863 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 304 imtahan rəhbəri, 2328 nəzarətçi–müəllim, 228 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 111 bina nümayəndəsi cəlb edilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumata əsasən, 2 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

DİM növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.

Martın 7-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1 dək elan olunması nəzərdə tutulur.

***

saat 07.00

Bu gün Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. Tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verir.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahanlarda 24824 abituriyentin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, martın 5-6-da imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi ayrılıb. İmtahanlarda ümumilikdə 17 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Diaspora