Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulunun vaxtı açıqlanıb.
Apa xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, ərizə qəbulu bu il martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq. O qeyd edib ki, bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər:
"Ölkədə və dünyada olan pandemiyanın təsirinə görə cədvəli açıqlamazdan öncə müvafiq qurumlarla razılaşmalar aparmalıydıq. Operativ Qərargahın razılığı olmadan biz tədbirləri keçirə bilmərik. Ötən həftə Operativ Qərargah bu razılığı verib. I qrup üzrə sənəd verənlərin sayı çox olur. Bir gündə 50 mindən çox insan imtahana cəlb oluna bilməz. Texniki səbəblərə görə, I qrupun kontingentini iki hissəyə bölmüşük. Onlar ayrı vaxtlarda imtahan verəcək" - deyə o bildirib.