Rəsmi “Azərbaycan” qəzetində “Kimdir günahkar?” adlı məqalə çap edilib.
Qaziler.az məqaləni təqdim edir:
Artıq sosial şəbəkələrdə ən populyar videolar məktəblərdə çəkilərək yayılan videokadrlar olur. Şagirdə şillə vuran direktor, şagirdin tədris prosesinə uyğun olmayan davranışlarını görməzdən gələn müəllim...
Sonra cəmiyyətdən gələn müxtəlif yanaşmalı reaksiyalar, kimi müəllimi, kimi şagirdi, kimi də zəmanəni qınayır...
Sonra əlaqədar qurumların, direktor, yaxud müəllimə töhmət verilməsi ilə bağlı açıqlaması gəlir...
Sonra... Hər kəs rahatlaşır, sakitləşir...
Ta ki, ya şagirdə fiziki cəza tətbiq edən müəllimlə, ya da məktəbdə etik davranış qaydalarını pozan şagirdə göz yuman müəllimlə bağlı növbəti videokadr yayımlanana qədər...
Məktəb qapalı mühitdir və valideynlər, cəmiyyət sinif otaqlarında baş verənlərdən yalnız şagirdlərin danışdığı, özlərinin xəbər alıb bildikləri qədər məlumatlıdırlar.
Həm də cəmiyyətimiz hər zaman məktəbə müqəddəs məkan, müəllimə ilahi varlıq kimi yanaşdığı üçün övladını tükənməz etimadla məktəbə, müəllimə etibar edir, onların tərbiyəsinin də, təhsilinin də, təliminin də məhz məktəb və müəllimin öhdəliyində olduğuna, eyni zamanda bu gözləntilərinin yaxşı formalaşdırılacağına səmimi-qəlbdən inanırlar.
Bu həm də onlara, düşündüklərinin əksi ilə qarşılaşdıqda dərhal qınaq və hətta hücum edəcəkləri obyekti də asan və dəqiq müəyyənləşdirməyə imkan verir: günahkar məktəbdir, müəllimdir. Yəni valideyn rahatdır, məhz müəllimin onun övladına təhsillə bərabər tərbiyə verməyə borclu olduğunu düşünür və bu prosesi kənardan izləyir... Təhsil prosesində müəllim, şagird, valideyn üçlüyünün birgə fəaliyyətinin mühümlüyünü isə gözardı edir...
Nəticədə isə ertəsi gün hansısa videokadrlardan müəllimin onun övladına fiziki şiddət tətbiq etdiyini gördükdə, əvvəlcə özü o müəllimin üstünə gedir, daha sonra prosesə məktəb rəhbərliyi, əlaqədar qurumlar, hüquq-mühafizə orqanları qarışır. Sosial şəbəkələr vasitəsilə formalaşan ictimai qınaq dağ kimi böyüyür, nəhayət, müəllim töhmət alır, hamı rahatlaşır, sakitləşir, məsələ həll olunmuş sayılır...
Əslində isə, məktəblərdən yayılan bu cür görüntülərlə bağlı seyr etdiklərimiz təhsil sistemimizdə baş verən proseslərin nəticələrini açıb ortaya qoyur. Səbəblər isə hər zaman gözardı edilir...
Elə son məlum orta məktəbdə baş verən hadisəni, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntüləri izlədikdə səbəblər də gün işığı kimi ortaya çıxır. Elə buna görədir ki, o kadrları seyr edən əksər kəsim insanlar müəllimi qınaya bilmirlər. Baxmayaraq ki, həmin videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət də verilib.
Amma baxın, bu görüntülər müəllim nüfuzunun heç edildiyinin əyani sübutu deyilmi?!
Bu kadrlarda əks olunanlar müəllim peşəsinə hörmətin ayaqlar altına atıldığının təcəssümü deyilmi?!
Heç düşündünüzmü ki, həmin müəllim o şagirdin davranışlarını niyə görməzdən gəlir, heç nə olmayıbmış kimi, başını aşağı salıb, bir növ dəftər, qələminin arxasına sığınıb?
Çünki o müəllim bilir ki, azacıq da olsa həmin şagirdə səsini qaldırsa, valideyn onun dünyasını başına yıxacaq, ictimaiyyət onu möhkəm qınayacaq, rəhbərlik töhmət verəcək, kim bilir, bəlkə də, daha irəli gedib işdən kənarlaşdıracaq...
Danılmaz reallıqdır ki, bu gün müəllimlərimiz məktəblərdə qarşılaşdıqları bu cür çətinliklərlə baş-başa, köməksiz vəziyyətdədirlər. Elə bu son hadisə də bir daha onu göstərdi. Göstərdi ki, şagirdin tərbiyəli davranmamasına görə də məhz müəllim cəzalandırılır.
Bu ədalətsizlikdir...
Müəllimlik şərəfli, eyni zamanda çətin və məsuliyyətli peşədir. Bu peşə sahiblərinin ən ali vəzifəsi cəmiyyət üçün şəxsiyyət, dövlət üçün layiqli vətəndaş yetişdirməkdir...
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Amma gün keçdikcə müəllim adının dəyərdən düşürüldüyünün, nüfuzunun aşağı salındığının şahidi oluruq. İndi adi sözlərlə ifadə etdiyimiz bu vəziyyət isə cəmiyyətimizi uçuruma sürükləyir.
Müəllim şəxsiyyətinə bu cür ucuz münasibət olmamalıdır. Necə ki çox gec deyil, Təhsil Nazirliyi, digər aidiyyəti qurumlar, həm də elə cəmiyyətimiz bu, sözün əsl mənasında, fədakar insanlara sahib çıxmalı, hüquqlarını müdafiə etməlidirlər.
Təbii ki, ortaya çıxan problemləri doğuran səbəblər çox olur, yaranan situasiyalardan asılı olaraq, məktəblərdən yayılan konkret videolara görə müəllim də, şagird də, məktəb rəhbərliyi də, valideyn də, hər biri günahkar ola bilər. Amma problemin həll yolu müəllimə töhmət verilməklə bitə bilməz. Bu məsələlərin birdəfəlik ortadan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən mütəxəssilər də cəlb edilməklə problemlərin səbəblərinin hərtərəfli araşdırılması, alınan nəticələrə uyğun tədbirlər görülməsi mütləqdir.
Eyni zamanda mütəxəssislərin də bildirdiyi kimi, bununla bağlı qanunvericilik təkmilləşdirilməli, təhsil qanunvericiliyinə müəllimlərlə yanaşı, şagird və valideynlərin məsuliyyətini müəyyən edən maddələr də salınmalıdır.
Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək durmaq, müəllim nüfuzunu layiq olduğu uca zirvəyə qaldırmaq bu gün hər birimizin qarşısında duran ən ümdə vəzifələrdəndir.