Məktəb(li) qalmaqalında kim haqlıdır: nazir, müəllim, yoxsa...

Məktəb(li) qalmaqalında kim haqlıdır: nazir, müəllim, yoxsa... backend

Musa Qasımlı: “Orta məktəblərimizdə xoşagəlməz hadisənin ictimailəşdirilməsi hadisənin özünün baş verməsi qədər üzücüdür”

Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırma aparılıb və fənn müəlliminə töhmət verilib.

Deputat Fazil Mustafa bu əməli cəsarətsizlik adlandırıb: “Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib?

Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır".

Qeyd edək ki, bu hadisədə müəllimə töhmət verilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb, geniş müzakirələrə yol açıb. Əksəriyyət müəllimin haqsız yerə töhmət aldığını qeyd edir, Təhsil Nazirliyini qınayır.

Müzakirələrə Təhsil Nazirliyindən də reaksiya bildirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da sosial şəbəkə hesabında müzakirələrə münasibət bildirib:

“Hər birinizin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib.

Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir. Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s. Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olur".

Bəşarət Məmmədov onu da qeyd edib ki, həmin şagirdlər haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, onlar üzrxahlıq edib.

Bəs ekspertlər necə düşünür, bu qalmaqalda kim haqlıdır - nazir, müəllim, yoxsa...

Musa Qasımlı: Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət  əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri

Musa Qasımlı 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Müsavat”a danışıb: “Orta məktəblərimizdə bu və ya digər xoşagəlməz hadisənin ictimailəşdirilməsi hadisənin özünün baş verməsi qədər üzücüdür. Təhsil təkcə məktəbin işi deyil,  bütün cəmiyyət təhsilə bağlıdır. Ölkəmizdə, ümumiyyətlə, ayağı məktəbə dəyməyən bir vətəndaşımız yoxdur, hamı məktəb partası arxasından keçir. Hər hansı bir şagirdin xoşagəlməz hərəkət etməsi məktəblə bərabər ilk növbədə onun valideynlərini düşündürməlidir. Zamanında biz məktəbdə bir az intizamı pozan kimi bizi təkcə müəllimlər deyil, onlardan da çox evdə valideynlər cəzalandırırdı. Ona görə valideynlər övladlarını məktəbə yola salanda onlara bir sıra təlimatlarını, öyüd-nəsihətlərini verməlidirlər. Şagird onu öyrədən müəlliminə qarşı necə xoşagəlməz, qeyri-etik hərəkətlər edə bilər? Bu, haradan qaynaqlanır, səbəbi nədir? Burada bir tərəfi günahlandırmaq düzgün deyil.  Məktəb-ailə əlaqəsini gücləndirmək lazımdır. Hər bir valideyn öz övladının məktəbdə gündəlik davranışı haqda məlumat  əldə etməlidir, bilməlidir ki, onun övladı məktəbdə bu gün necə davranıb. Valideynin işi təkcə səhər övladına yemək verib, onu məktəbə yola salmaq deyil. Həmin şagirdlər vətəndaş kimi yetişirlər. Cəmiyyətdə müəllimə hörmət olmalıdır. Təbii ki, elə müəllimlər var ki, onlar müəllim  adına layiq deyillər, necəsə gəlib bu işə düşüblər. Amma bütün müəllimləri də ümumiləşdirmək olmaz.  Ona görə də belə məsələlərdə hər bir iştirakçının dəqiq öz yeri müəyyənləşdirilməlidir. Məktəb rəhbərinin səhvi, sinif rəhbərinin boşluqları nədir,  müəllimin davranışında hansı boşluqlar olub ki, şagirdlər belə  hərəkət edir və valideynin üzərinə hansı iş düşür? Məsələyə bu cür yanaşmasaq təhsilimizi sağlamlaşdıra bilmərik. Əgər belə davranan bir şagird cəzalandırılmırsa, o zaman  bu, kütləvi hal ala bilər. Məktəbdə ciddi nizam-intizam olmalıdır. Bu nizam-intizamı da məktəb rəhbərliyi yaratmalıdır".

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli 

Qulu Məhərrəmli məlum hadisədə müəllimə töhmət verilməsinin tərəfində olmadığını bildirdi: “Adətən bu cür ziddiyyətli situasiyalarda ”kim haqlıdır, günah kimdədir, qərar doğrudurmu, ədalətlidirmi" kimi suallar ortaya çıxır. Buna da təbii baxmaq lazımdır. Ona görə  ki, müəllim-şagird, müəllim-tələbə, ümumiyyətlə, pedaqoji kollektivin içərisində olan proses həmişə bir rəngli olmur. Bu baxımdan həmin məktəbdə baş verən hadisədə müəllimə töhmətin verilməsi də birmənalı qarşılanmadı və mən özüm də şəxsən birmənalı qəbul etmirəm. Məsələn, mən müəllimə töhmət verilməsinin tərəfində deyiləm, çünki  bu cür müəllimi cəzalandırma faktları məktəb iradəsinə tabe olmaq istəməyən, həddindən artıq ərköyün, sərbəst davranan şagirdlərin davranışlarını bir növ stimullaşdırır və müəllimləri də  müəyyən qədər sıxıntı içərisinə salır. Ona görə də hesab edirəm ki, hər bir situasiya ayrı-ayrılıqda konkret  həmin şəraitdən asılı olaraq təhlil olunmalı və bundan sonra qərar verilməlidir.

Beləliklə, həmin məktəbdə baş verən xoşagəlməz hadisədir və “Belə situasiyalarda biz hansı yanaşmanı tətbiq etməliyik?” sualı təkcə pedaqoqikanın deyil, cəmiyyətin qarşısında dayanan sualdır. Nəzərə almaq lazımdır ki, məktəb təkcə tədris ocağı deyil, həm də tərbiyə meydanıdır, mühitidir. Yəni məktəb həm də şagirdlərin dünyagörüşünə, əxlaqına, davranışına təsir edən məkandır. Bu baxımdan bu cür situasiyada birtərəfli qərar vermək ədalətsizlik olardı".

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir? »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov isə mövzuya bu cür şərh bildirdi: “Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, cəfakeş, qayğıkeş, etibarlı dayağı olub. Bütün cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan bu zümrə hər cür hörmət və qayğıya layiqdir. Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən bu insanlar qədirbilənlər tərəfindən yüksək qiymətləndiriliblər. Savadsız, rüşvətxor, şəxsi marağını güdən, tələbəyə qarşı laqeyd olan müəllimlər şagird üçün heç vaxt sevilən müəllim ola bilməz və olmurlar da! Ancaq gərək şagirdlər də bir şeyi anlasınlar ki, rüşvətxorlara düşmən kimi baxan, savadlı, tələbkar müəllimlərin qayəsi tələbəsinə yalnız savad verməkdir. Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb. Valideynlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Artıq müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”.

Ekspert müəllimə hansı halda töhmət verilə bilməsindən də söz açıb: “Bu məsələlər Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, bir intizam xətası səbəbindən müəllimə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən hər hansı intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Direktor töhmət verməzdən öncə müəllimdən izahat tələb edə, həmçinin ona xəbərdarlıq edə bilər. İzahat verməkdən imtinası müəllimə töhmət verilməsini istisna etmir. Bununla yanaşı, məcəlləyə əsasən, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, müəssisədaxili intizam qaydalarını pozduqda direktor ona törətdiyi xətadan asılı olaraq intizam tənbehlərindən, töhmət növlərindən  birini verə bilər.

Məcəllədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətin aşağıdakı növləri qeyd edilib:

- töhmət vermək;

- sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

- kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;

- əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

Qeyd edim ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Xətanın törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

Müəllim nüfuzunu ilk növbədə müəllim özü qazanmalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. Ona görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur.

Müəllimin dəqiqliyi də onun nüfuzunu qoruyub saxlamaqda mühüm amildir. Dərsə gecikən, cədvəlini qarışdıran müəllim şagirdlərindən dəqiqlik tələb edə bilərmi? Əlbəttə ki, yox.

Müəllimin taktı, pedaqoji ustalığı da onun nüfuzunun dayaq nöqtələrindəndir. Dərs müəllimin biliyini nümyiş etdirmə məkanı deyil, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. Müəllim ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlamalıdır ki, öyrənənlər müsbət nəticəyə sevinə bilsinlər.

Müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır. Valideynlərlə əlaqə, onların pedaqoji maariflənməsinə yardımçı olmaq da müəllim nüfuzuna böyük təsir göstərir. Müəllim işinin müasir dövrdə çətinliyini yaxşı başa düşən, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, işi-peşəsi yerli-yersiz məktəb və müəllimdə nöqsan axtaran, vasvası valideynlərə də rast gəlmək olur. Ona görə də valideynləri planlı şəkildə, sinif rəhbərinin köməyi ilə dərslərə dəvət etmək, müəyyən şagirdlər haqqında onlarla üzbəüz söhbət eləmək məktəb və müəllim haqqında təəssüratların aydınlaşmasına gətirib çıxarır.

Həmkarlarının nüfuzunu qorumayan müəllim öz nüfuzunu qoruya bilməz. Yeri düşəndə pedaqoji kollektivin digər üzvləri haqqında müsbət rəy söyləməkdən, onların nailiyyətlərindən, nümunəvi xüsusiyyətlərindən, bəzi şeyləri onlardan öyrəndiyini belə şövqlə danışmaqdan çəkinməmək lazımdır".


“Yeni Müsavat”

Diaspora