Bu il Azərbaycan dilinin Orfoqrafiya lüğəti yenidən çap olunacaq. “Hörümçək” qalmaqalından sonra müzakirələrə səbəb olan lüğətdəki nöqsanların aradan qaldırılmasına və daha təkmil formada nəşrinə qərar verilib.
Mövzu barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Orfoqrafiya lüğəti ətrafında xoşagəlməz müzakirələrin yox, elmi polemikaların şahidi olmalıyıq:
“Ümumiyyətlə, son günlər elm, təhsildə yenilikdən, innovasiyadan danışmaq əvəzinə, təəssüf ki, ancaq qalmaqal, düzgün qurulmayan münasibətlərdən söz açırıq. Sözsüz ki, bu münasibətlər bizim təhsilimizə mənfi təsir edir. Hər bir ölkənin inkişafı təhsillə bağlıdır. Biz istərdik ki, danışıqların, müzakirələrin hamısı elmi yenilik ətrafında aparılsın. Amma son hadisələr xoşagəlməzdir.
Biz zaman-zaman Orfoqrafiya lüğətinin bu cür müzakirələrə səbəb olduğunu görmüşük. Orfoqrafiya lüğəti ilə bağlı baş verənlər ola bilər ki, texniki hadisədir. Amma bütün hallarda bu cür kitablar hazırlanarkən geniş heyət tərəfindən baxılıb, nəşrə buraxılmalıdır.
Misal üçün, biz "hörümçək" sözünə görə lüğəti yenidən çap etdik. Çapdan sonra mümkünsüzdür ki, başqa problem yaranmasın. Ona görə də hesab edirəm ki, lüğətin hazırlanmasında yeni sözlərlə bağlı böyük heyət toplaşmalı, dəfələrlə yoxlanışdan sonra nəşrə buraxılmalıdır. Sözlər diqqətlə araşdırılmalıdır. Əgər yenidən nəşrin məqsədi tək o sözü kitaba salmaqdırsa, bu nəticəni dəyişməyəcək. Elə etməliyik ki, yenidən nəşr olunandan sonra başqa heç problem olmasın.
Eyni zamanda, mən təklif edirəm ki, bu kitabın hazırlanmasında müxtəlif qurumların, dövlət adamlarının, dilçilərin fikirləri nəzərə alınsın, ictimai müzakirələrə çıxarılması vacibdir. Bu bizim ümumi işimiz olmalıdır”.
Deputat, həmçinin sovet dövründən qalan bəzi ənənələrin unudulduğunu vurğulayıb:
“Sovet dövründə bəzi ənənələr vardı ki, biz bunları sıradan çıxarırıq. Əvvəllər kitab çap edəndə onun bədii, ixtisas redaktoru, korrektoru olurdu və böyük heyət işləyirdi. Amma indi demək olar ki, korrektura institutu yoxdur. Bizim son kitablarımızın çapında çox böyük hərf səhvləri müşahidə olunur. Bunun qarşısını almalıyıq. Mən inanıram ki, tezliklə bu cür səhvlərin qarşısını almağa başlayacağıq.
Ümumiyyətlə, elm adamları sərbəstliyi sevirlər. Biz çalışmalıyıq ki, AMEA haqqında fikirlər mənfiyə getməsin, bu qurum nüfuzdan düşməsin”.
Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.
Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.