Dövlət İmtahan Mərkəzində kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.
DİM-dən verilən məlumata görə, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.