Buraxılış imtahanlarının keçirilmə qaydası açıqlanıb

Buraxılış imtahanlarının keçirilmə qaydası açıqlanıb backend

2022-ci ildə də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcəkdir.

Trend xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətində bildirilib.

"Məlumat üçün bildiririk ki, bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir.

Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb.

Onu da bildiririk ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək.

Məlumdur ki, ümumtəhsil məktəblərində də tədris ilinin sonunda fənlər üzrə qiymətləndirmə aparılır və həmin qiymətlər attestatda qeyd olunur.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında sizə 11-ci sinif üzrə buraxılış imtahanı fənlərinin proqramlarını və tapşırıq modellərini təqdim edirik.

Jurnalda, həm də dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri, DİM-in internet saytında isə müvafiq audiofayllar təqdim edilir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda təqdim edilən tapşırıqları cavablandıra bilər. İmtahan modelinə uyğun tapşırıq nümunələri siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitablarında da nəşr edilmişdir.

Sizə DİM-in təqdim etdiyi materiallarla “Abituriyent” jurnalı, saytımız və rəsmi sosial media hesablarımız vasitəsilə tanış olmağınızı tövsiyə edirik. Sizin bütün suallarınıza cavab verməyə və təqdim olunmuş materialları şərh etməyə hazırıq", - deyə o qeyd edib.

Diaspora