Qəbul imtahanlarında Vətən müharibəsinə dair məlumatların hansı mənbə əsasında salınacağına aydınlıq gətirilib.
Apa-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzində Tarix fənni üzrə işçi qrupun iclasında “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalə müzakirə edilib. Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən məqalə ilə bağlı bildirilən qeyd və təkliflər nəzərə alınıb.
Məqalə əvvəlcə DİM-in saytında yenilənəcək, daha sonra “Abituriyent” jurnalının 2-ci sayında yenidən dərc ediləcək. Məlumat üçün qeyd edilir ki, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat yoxdur. Ona görə də 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar bu məqalə əsasında tərtib ediləcək.