“Uğurlu iqtisadi modeli olan ölkələrdə inkişaf qısa müddətdə olmur. Belə bir formul yoxdur ki, onu tətbiq edəndə 2 ildən sonra iqtisadi artım ikirəqəmli olsun”.
Xəzərxəbər.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib. Onun sözlərinə görə, məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin aldığı dərslərin sayı və məzmunu çox önəmlidir:
“Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir. Orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir”.
Nazirin sözlərinə görə məşğulluğa təsir edən əsas amillərdən biri şəxsin bacarıqlarıdır:
“Bacarıqların qısa zaman ərzində inkişaf etdirilməsi üçün kifayət qədər təcrübəmiz var ki, onlardan faydalanmalıyıq. Bu problemin həlli üçün çalışmalıyıq. İlk məsələ məzunlarımızın ixtisas sahibi olmasıdır ki, bu problemin həlli üçün ölkədə doğulan 160 min uşaq məktəbi bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur. Bizim bütün təhsil müəssisələrindəki oturacaqların sayı ilə həmin uşaqların sayı arasında bəlli bir rəqəm fərqi var. Ali təhsillə orta təhsil arasında da fərqlər var”.
Emin Əmrullayev əlavə edib ki, son dövrlər ərzində peşə təhsilinə qəbul üçün 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var:
“Ali təhsil müəssisələrinə çıxarılan yerlərin sayı 48 min civarındadır. Son 5 ildə ölkədəki demoqrafik vəziyyətlə əlaqəlidir ki, qarşıdakı 5 ildə yenə fərq olacaq. Son 5 il ərzində ali məktəbə sənəd verənlərlə qəbul olanlar arasındakı fərq 2 dəfə aşağı düşüb”.