Noyabr ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyat Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb.
Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.