III qrupda yüksək bal toplayan abituriyentlərin kənarda qalma ehtimalı var - Ekspertlər

III qrupda yüksək bal toplayan abituriyentlərin kənarda qalma ehtimalı var -  Ekspertlər backend

Xəbər verdiyimiz kimi, "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının II qrupdan III qrupa qaytarılması ilə əlaqədar olaraq III qrupa 2022-ci ildən etibarən coğrafiya seçmə fənni əlavə olunur. Buna uyğun olaraq da III qrupda DT (dil-tarix) və TC (tarix-coğrafiya) altqrupu yaradılıb. TC altqrupunu seçən abituriyentlər "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarına imtahan verəcəklər.

Bu barədə Trend-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bütün diqqətini coğrafiyaya verib, ədəbiyyatdan hazırlaşmayan abituriyentlər TC üzrə ixtisas seçimindən kənarda qalacaqları təqdirdə, DT üzrə ixtisaslara qəbul olma şansları da azalmış olacaq. Onun sözlərinə görə, belə halların baş verməməsi üçün abituriyentlər diqqətli olmalıdırlar: "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" ixtisaslarında plan yerinin 1200 ətrafında olduğunu nəzərə alsaq, yüksək balla kənarda qalma halları ola bilər. Ona görə də III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər müəyyən qədər diqqətli olmalıdırlar. Onlar sadəcə TC qrupunu seçsələr, yalnız bu iki ixtisasa qəbul ola bilərlər. Ona görə də yeni qaydalar bir tərəfdən əlavə şans verir, digər tərəfdən tələbə adını qazanmamaq kimi ehtimalı ortaya qoyur. Həmçinin, III qrup üzrə imtahan verəcək abituriyentlərin həm də coğrafiyadan hazırlaşmaları onların yükünü artırır. I qrupa 2023-cü ildən informatika fənninin əlavə edilməsinə gəlincə isə burada problem bir qədər böyükdür. Belə ki, informatika fənni üzrə yetərli qədər test bazası yoxdur. Digər tərəfdən, informatika praktiki fəndir və mövcud dərsliklərimiz test tapşırığı hazırlamağa uyğun deyil. Həmçinin ,informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir və ölkə üzrə ən çox müəllim çatışmazlığı məhz informatikadandır. Hesab edirəm ki, bu dəyişikliyə yaxın 2 il ərzində getməməli idik”.

Təhsil eksperti Nadir İsrafilov isə Trend-ə açıqlamasında bildirib ki, qərar və qaydaların tez-tez dəyişdirilməsi təhsilin bir sistem olaraq oturuşmasına ciddi maneə yaradır. Onun sözlərinə görə, bu, geniş ictimaiyyət arasında narahatlığa, haqlı narazılıqlara səbəb olmaqla yanaşı, məzunlarda fiziki və psixoloji gərginlik, stress, cəmiyyət üzvləri arasında isə müəyyən çaşqınlıq yaradır, yerli-yersiz mübahisələrə, əlavə polemikalara, ciddi qarşıdurmalara yol açır: "Təhsilin keyfiyətinə nail olmağın bir şərti də təhsilin bir sistem kimi oturuşmasıdır. 70 il ərzində oturuşmuş sovet təhsil sistemindən imtina edib, Avropa məkanına inteqrasiyaya olunmağımızdan 30 illik bir müddət keçməsinə baxmayaraq, biz hələ də keçid dövrünü başa vura bilməmişik. Səbəb isə Təhsil Qanunvericiliyimizdə olan boşluqları qərar və qaydaları dəyişməkdə görməyimiz, təhsilimizi eksperiment meydanına çevirməyimizdir. Son on illikdə qəbul olunan qərar və qaydalar hələ bir yana, təkcə Təhsil haqqında Qanunun neçə maddəsinin, neçə bəndində edilən dəyişikliklərin sayına nəzər salsaq, vəziyyətin nədən ibarət olduğunu təsəvvür etmək o qədər də çətin olmaz. Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük".

Ekspert ixtisas qruplarında fənn dəyişikliklərinin təhsilin inkişafına hər hansısa bir töhfə verəcəyinə inanmadığını və imtahanların sadələşdirilməli olduğunu bildirib.

Diaspora