Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?

Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq? backend

Xəbər verdiyimiz kimi, I və III qrupda bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.

Trend xəbər verir ki, "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının II qrupdan III qrupa qaytarılması ilə əlaqədar olaraq III qrupa 2022-ci ildən etibarən coğrafiya seçmə fənni əlavə olunur.

III qrupda buna uyğun olaraq DT (dil-tarix) və TC (tarix-coğrafiya) altqrupu yaradılıb. TC altqrupunu seçən abituriyentlər "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarına imtahan verəcəklər.

Birinci mərhələdə (buraxılış imtahanı) Azərbaycan dili (rus bölməsi rus dili), riyaziyyat və xarici dil fənnləri olduğu kimi qalır. İkinci mərhələdə isə DT altqrupunu seçən abituriyentlər Azərbaycan dili (rus bölməsi rus dili), tarix və ədəbiyyatdan, "Regionşünaslıq" və "Beynəlxalq Münasibətlər" ixtisasının olduğu TC altqrupunu seçənlər isə ədəbiyyat fənninin yerinə coğrafiyadan imtahan verəcəklər.

DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, yeni ixtisasların əlavə edilməsi ilə III qrupa 1300 plan yeri əlavə olunacaq. Bu da ixtisas seçimində gərginliyin azalmasına gətirib çıxaracaq və 300 baldan aşağı nəticə göstərib, istədikləri ixtisaslara düşə bilməyənlərin seçim imkanları da artacaq.

Məleykə Abbaszadə onu da qeyd edib ki, III və II qruplardakı coğrafiya fənni üzrə suallarının çətinlik dərəcəsi eyni olacaq.

Bundan başqa III qrupda balların hesablanma alqoritmində də heç bir dəyişiklik olmayacaq. Sadəcə, coğrafiya fənninin əmsalı ədəbiyyat fənninə uyğun olacaq".

Qeyd edək ki, bir sıra ali məktəblərin III qrupda imtahan fənləri arasında coğrafiyanın olmamasını və riyaziyyat fənni üzrə tapşırıqların II qrupa nisbətən asan olmasını əsas gətirərək təkidi nəticəsində Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III qrupdan II qrupa keçirilmişdi.

I ixtisas qrupuna gəlincə isə 2023-cü ildən qrupa informatika seçmə fənni daxil ediləcək. III qrupda olduğu kimi I qrupda da iki altqrup yaradılacaq.

Beləliklə, 2023-2024-cü tədris ilində informatika yönümlü ixtisasları seçmək istəyən abituriyentlər kimya fənninin yerinə informatika fənnindən imtahan verəcəklər.

M.Abbaszadənin sözlərinə görə, informatika fənni üzrə qəbul proqramı üzərində işlərə başlanılıb.

"İnformatika fənni ilə bağlı imtahanın proqramını gələn ilin mart ayında və ya daha tez ictimaiyyətə təqdim edəcəyik. Birinci il bu fənn üzrə imtahan kağız daşıyıcıları əsasında aparılacaq, amma gələcəkdə, ola bilsin 1-2 ildən sonra kompüter vasitəsilə keçiriləcək. Bununla əlaqədar müəyyən planlarımız var və Təhsil Nazirliyi ilə birgə bu planları həyata keçirməyi nəzərdə tuturuq".

Diaspora