Ali məktəblərə qəbul imtahanlarının forma və məzmunu ilə bağlı vaxtaşırı dəyişikliklər edilir. Ekspertlərin fikrincə, bəzən yeni qərarlar elə qısa zaman kəsiyini əhatə edir ki, abituriyentlərin bununla ayaqlaşması bir az çətin olur.
Xezerxeber.az-ın məlumatına görə, uzun illər müvafiq fənlər üzrə hazırlaşdıqdan sonra ötən gün növbəti qəbul imtahanlarında dəyişiklik ediləcəyi ilə bağlı xəbər yayılıb.
Xəbərdən sonra Səbinə Seyidova kimi seçimində dəyişiklik etməyi düşünən abituriyentlər az deyil. Nəzərdə tutulan dəyişikliyə görə birinci ixtisas qrupu üzrə bəzi ixtisaslara qəbul olmaq istəyənlər kimyadan yox, informatikadan imtahan verəcəklər.
3-cü ixtisas qrupu üzrə qəbul imtahanında isə "Beynəlxalq münasibətlər" və "Regionşunaslıq" ixtisalarını seçənlərin coğrafiya fənnindən də imtahan verməli olacaqlar. Bu da qarşıdakı illərdə imtahan verəcək abituriyentlər üçün gözlənilməz sürpriz olub.
Təhsil eksperti Kamran Əsədov deyir ki, bu yeniliklər özündə bir çox müsbət məqamları ehtiva etsə də, abituriyentlər üçün bəzi çətinliklər yarada bilər. Ekspertin fikrincə, yeni qərar eyni qrup üzrə müxtəlif ixtisasları kodlaşdırmaq istəyən abituriyentlərin ya seçimini məhdudlaşdırır, ya da onları əlavə bir fəndən hazırlaşmaq məcburiyyətində qoyur.
Ekspert əlavə edib ki, dünya təcrübəsində qəbul imtahanlarında ediləcək dəyişikliklər xeyli əvvəldən elan olunur.Bu isə abituriyentlərin işini asanlaşdırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: