Ölkə üzrə əyani tədris bərpa olunduqdan bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir:
"Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb. Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib".
Qeyd edək ki, sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.