Bu gün Müəllimlər günüdür. Müəllim təkcə öyrədən deyil, o həm də ucalıqdır, insanları zirvəyə ucaldandır.
44 günlük Vətən müharibəsi zamanı müəllim vəzifəsində çalışan xeyli qəhrəman oğullarımız gözünü qırpmadan döyüşə yollandı. Müharibədə 20 müəllim şəhid olmaqla öz şərəfli adını cənnətə daşıdı.
Şəhid olan 20 müəllimdən biri Xalid Nəciyev bu gün “ Firudun Bəy Köçərili” mükafatı ilə təltif olunub. Xalid Saatlı rayonundandır.
Şəhidin qardaşı Elçin Nəciyev qəhraman müəllim haqqında Modern.az-a danışıb:
“9-cu sinifdən Xalidin ayağı sınmış və əyri bitmişdi. Əslində əsəgərliyə də getməli deyildi. Ancaq Xalid vətənpərvər insan olduğu üçün əsəgərliyə getdi. O, ali təhsil aldıqdan sonra hərbi xidmətə yollanmışdı. Gəncə Dövlət Universitetində tarix-coğrafiya ixtisası üzrə ali təhsil almışdı. Orduda olarkən atama demişdi ki, “kursant kimi oxuyub, hərbi rütbə alacam”.
Dediyi kimi də etdi, oxudu, leytenant rütbəsi aldı və 2 il hərbi xidmət keçdi. Daha sonra atam işləməyinə razı olmadı, müəllim kimi öz peşəsini davam etdirməyini istəyirdi.
Xalid evin kiçiyi olduğu üçün atam onu çox əzizləyirdi, əziyyət çəkməsini istəmirdi. Saatlı rayonunun Qara Nuru kəndində tarix-coğrafiya müəllimi olaraq çalışmağa başladı. Müəllim olaraq fəaliyyət göstərdiyi müddətdə Təhsil Nazirliyinin imtahanlarında iştirak etməklə vakant yerə sənəd verdi. Sonra Saatlı rayon Təhsil Şöbəsində məsul şəxs olaraq fəaliyyyətə başladı”.
Qardaşı deyir ki, Xalidin ən böyük arzusu imkansız uşaqlar üçün tədris mərkəzi açmaq idi...
“Döyüşə yollananadək Təhsil şöbəsində çalışdı. Bir müəllim və təhsil işçisi kimi hər kəs ona hörmət edirdi. Qardaşım şəhid olduqdan sonra hörməti daha da artdı. Xalidin döyüşə yollandığını biləndə atam getməyinə razı olmamışdı, ancaq özü demişdi ki, “ mən müəlliməm, təhsil işçisiyəm, heç yaraşarmı döyüşə getməyim, qaçıb gizlənim?”.
İndi bütün kollektiv, hətta Təhsil şöbəsinin keçmiş direktoru belə onun xoş əməllərindən danışır.
Xalid vəzifədə işləyərkən ehtiyacı olan çox insana təmannasız yardım edib. O, şəhidliyə yüksəldikdən sonra iş yoldaşları evimizə gəlir, guşəsi olana otağa baxıb deyirlər ki, “kaş Xalidi tanımazdıq, kaş belə yanmazdıq” .
Xalidin ən böyük arzusu kiçik bir tədris mərkəzi açıb, imkansız uşaqlara dərs keçmək idi. Xaricdə təhsil almağı da çox istəyirdi. Xalid Saatlı rayonunun bir kəndində təşəbbüs irəli sürmüşdü ki, təhsilli olmayan valideyinlər gəlib məktəbdə təhsil alsınlar. Hər zaman elm tərəfdarı idi, təhsilə yönəlməyi, yönəltməyi çox sevirdi”.
Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998-2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
2017-2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Saatlı rayon Təhsil şöbəsində ictimaiyyətlə əlaqələr məsul şəxs olub.
Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Şəhid müəllim Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.