Azərbaycanda övladlarının təhsili, onlara verilən kitabların təhvil alınması və digər məsələlərlə bağlı məktəblərə getmə zərurəti yaranan valideynlərdən COVID-19 pasportu tələb olunur.
Bu barədə Oxu.Az-a həmin problemlə üzləşən bəzi valideynlər məlumat verib.
Onların sözlərinə görə, tələb olunan sənəd məsələlərinin həlli üçün məktəbə daxil olmaq istəsələr də, buna icazə verilmir.
Səbəb kimi isə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixdə 275 nömrəli Qərar qəbul edilib:
“Sözügedən qərarda məktəbin əməkdaşlarının vaksinasiya məsələləri öz əksini tapıb.
Valideynlərin məktəblərə buraxılmaması halları isə əsasən, məktəbin içərisində sıxlığın yaranmaması məqsədini güdür. Bununla belə, məktəbdə sənəd məsələlərinin həlli üçün məktəb rəhbərliyi ilə görüşmək istəyən valideynlərin müraciətinə fərdi qaydada baxılaraq, valideynlərə bunun üçün şərait yaradılır.
Eləcə də şagirdlərin dərsliklərini götürməyə məktəbə çağırılan valideynlər üçün müəyyən vaxt ayrılır və dərsliklər sinif müəlliminin özü tərəfindən məktəbin foyesində, yaxud məktəbin həyətində valideynlərə paylanılır”.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.