Distant təhsilin ləğvi: Ekspert valideynləri, deputat direktorları GÜNAHLANDIRDI

Distant təhsilin ləğvi: Ekspert valideynləri, deputat direktorları  GÜNAHLANDIRDI backend

Azərbaycanın Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən, sentyabrın 22-dən distant təhsil tələbi ləğv edildi. Qərarla əyani təhsilə keçid müəyyən edilməklə bərabər, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması aradan qaldırıldı.

 

Distant təhsilin ləğvi haqqında Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı dərslərin ənənəvi-üzbəüz formada başlamasını düzgün qərar hesab edir:

 

“Dərs ili ərəfəsində cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni məktəb binalarının açılışını etdilər. İşğaldan azad edilmiş ərazilərimizdə dirçəliş işləri ilə paralel olaraq yeni məktəb binalarının inşası və istifadəyə verilməsi dövlətimizin təhsil siyasətinin göstəricilərindən biridir. Heç kəsə sirr deyil ki, məsafədən təhsil ənənəvi təhsilin keyfiyyətini vermir, uşaqlar məktəbdən, sinif otaqlarından aralı düşürlər, zəruri bilikləri qazana bilmirlər. Dünənki ilk dərs gününün də uğurlu keçdiyi qənaətindəyəm”.

 

 

Distant təhsil ləğv edilsə də, pandemiyanın hələ davam etdiyini xatırladan Musa Qasımlı ötən il bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil sahəsində boşluqlar yarandığını diqqətə çatdırıb:

 

“Ancaq müvafiq qurumlarımız vəziyyətdən çıxa bildilər. Fikrimcə, geriləməni aradan qaldırmaq üçün məktəb-valideyn əməkdaşlığı daha da gücləndirilməli, ciddi nizam-intizam olmalıdır. Zamanla ayaqlaşmayan, təhsili bərbad hala qoyan məktəb direktorlarından, direktor müavinlərindən və təhsil şöbə müdirlərindən xilas olmağın vaxtı çoxdan gəlib çatıb.

 

Ənənəvi təhsilə qayıtmaq yoluxma risklərini təbii olaraq artırır. Yenidən çətinliklərin olmaması və qapanmalara gedilməməsi üçün hökumətimizin müəyyənləşdirdiyi qaydalara həm müəllimlər, həm şagirdlər, həm də valideynlər, ümumiyyətlə, hamımız ciddi riayət etməliyik”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə əyani tədrisin ilk günündə məktəblərin daxilində pandemiya qaydalarına ciddi şəkildə riayət edildiyini düşünür. Ekspert sosial məsafə tələbinə əməl etməyən, pandemiya şərtlərinə uymayan valideynləri qınayıb:

 

“Valideynlər məktəblərin inzibati binalarının ərazisinə daxil olmağa cəhd ediblər. Övladını birinci sinfə yola salanlar özləri ilə bərabər qohumlarını, digər yaxınları da məktəbə aparıblar ki, bu da məktəblərin qarşısında böyük sıxlığa səbəb olub. Valideynlər sosial məsafəyə riayət etmədilər, azyaşlı uşaqlar da yanlarında olduğu halda pandemiya qaydalarını nəzərə almadılar. Biz əyani tədrisin davam etməsini, yoluxma sayının məktəblərə görə artmamasını istəyiriksə, qaydalara ciddi yanaşmalıyıq. Distant təhsilin ləğv edilməsi hər şeyin əvvəlki qaydasına düşməsi demək deyil. İndi pandemiyadan qorunmaq üçün daha çox səy göstərmək vacibdir”.

 

 

Kamran Əsədov əyani tədrisin 1 il 6 ay müddətdə fasilələrlə təşkilinin şagirdlərə biliklərin verilməsində çətinliklər yaratdığını və mənfi təsir göstərdiyini söyləyib:

 

“Xüsusilə, riyaziyyat fənni ilə bağlı problemlərin olduğunu mütləq qeyd etməliyik. Şagirdlərin riyaziyyatdan bilik-bacarıq əldə etməsində ciddi çatışmazlıq yarandı. Bunu aradan qaldırmaq üçün əlavə dərslər salınmalıdır. Dərsdən sonra müəllimlər mütləq şəkildə hər dəfə bir fənn üzrə 1 il 6 ay ərzində keçirilməyən, yaxud zəif mənimsənən mövzulara qayıtmalıdırlar. Bütün mövzular zəncirvari əlaqəlidirlər. Buna görə, müəllimlər özlərinin pedaqoji bacarıqlarını, biliklərini ortaya qoymalıdırlar. Hər hansı yeni mövzunu izah edəndə mütləq şəkildə mövzu ilə bağlı olan və aşağı siniflərdə keçirilən digər məsələlərə qayıtmalıdırlar. Yaranmış problemli situasiyanı aradan qaldırmaq üçün yeganə vasitə olacaq”.

loading...
Aydinyol.az