Məktəblər açıldı

Məktəblər açıldı backend

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

2021-2022-ci dərs ilində ölkənin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq.

Ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. 2021-2022 tədris ilində I-IV siniflərdə 643333 nəfər şagirdin təhsil alacağı gözlənilir.

Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. (apa)

Diaspora