Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib.
Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:
“Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemdə görür və birinci seçim edən şəxs yeri götürür. Yerlər dolduqdan sonra həmin məktəbdə valideyn yer tapa bilmir və bu da narazılığa səbəb olur.
Təbii ki, hər bir məktəbin müəyyən sayda tutum yeri var və o bitdiyi üçün yer tapmaq olmur. Buna görə də valideynlər başqa məktəbdə övladının təhsili üçün seçim edə bilərlər. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəblərdə yerlər var”.
Nazir qeyd edib ki, əhalinin daha sıx yaşadığı yerlərdə fəaliyyət göstərən məktəblərdə siniflərdə çox uşaq olur:
“Bunlar obyektiv səbəblərdir. Hər bir valideynin övladının təhsil almaq imkanı var. Biz bu seçimi valideynə verdiyimiz üçün məktəbdə qız və oğlan balansını tənzimləmirik. Mən mütəxəssis olaraq balanslaşdırmanın tərəfdarıyam.
O zaman da problem çıxır ki, nazirlik, yaxud da məktəb hamını siniflərə bölür. Əvvəllər balanslaşdırma var idi və narazılıq yarandığı üçün bunu nəzərə alaraq seçimi hüququnu valideynlərə tanıdıq”.