Son günlər sosial şəbəkələrdə Xankəndinin adının yazılışı yenidən müzakirələrə səbəb olub. Şəhərin adının hallanarkən hansı formada yazılmalı olduğu barədə fərqli fikirlər səsləndirilir.
Qazilər.az xəbər verir ki, Teleqraf.com bununla bağlı dilçilərdən açıqlama alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu hesab edir ki, şəhərin adı hallanan zaman “Xankəndinə” olaraq yazılmalıdır:
“Bu söz iki cür işlənir: “Xankəndinə” və “Xankəndiyə”. Mənim fikrimcə, “Xankəndinə” olmalıdır. Məsələn, Mil düzü, Muğan düzü hansı şəkilçini qəbul edir? “Öz kəndinə”, “doğma kəndinə”, “öz yurduna” kimi qeyd olunur. Bu söz qeyri-müəyyən yiyəlik haldadır. Məzmunu “Xanın kəndinə gedirik”, “Xan öz kəndinə gedir” kimidir. “Xankəndinə” , “Xankəndində”, “Xankəndindən” doğru yazılış formalarıdır. Elə toponimlər var ki, onlar vahid söz kimi hallanır, amma "Xankəndi" başqa cür hallanır. Burada ənənəvi deyiliş forması rol oynayır”.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə “Xankəndiyə” yazılış formasına tərəfdardır: “Möhsün Nağısoylunun fikirlərində haqlı məqamlar var. "Xankəndinə" demək daha asandır, nəinki “Xankəndiyə”. Biz buna öyrəşməmişik. Məqsədimiz tələffüzümüzü yazıya yaxınlaşdırmaqdır. Mən isə yazının tələffüzə yaxınlaşdırılmasının əleyhinəyəm. Ölkə başçımız çıxışlarında da "Xankəndiyə" ifadəsini səsləndirir.
Düşünürəm ki, bu, sıradan bir məsələ deyil. Dünən "Grammar azi" səhifəsinin açıqlamasına da baxdım, bəli, Pirallahı, Daşaltı kimi toponimlərə yönlük hal şəkilçisi əlavə etdikdə, "Pirallahına" yox, "Pirallahıya" deyirik. Məsələn, "sinif jurnalı" ikinci növ təyini söz birləşməsidir, yönlük hal şəkilçisi artırıldıqda "sinif jurnalına" kimi səslənir. Ümumi qayda olaraq, saitlə bitən sözlərə yönlük hal şəkilçisi əlavə olunursa, bu da o şəkildə öz əksini tapır”.
Sevinc Əliyevanın fikrincə, bu gün Azərbaycan dilində qrammatik qaydaların tətbiqinin vaxtıdır: “Başqa dillərin təsirindən uzaqlaşmalıyıq. Əgər "Xanın kəndi" olsaydı, o zaman "Xanın kəndinə" yazılardı. Burada məsələ müəyyən və ya qeyri-müəyyən yiyəlik hal məsələsi deyil. Toponimlər bizim qan yaddaşımızı əks etdirir. Toponimi hər hansı vasitə ilə izah edib, öz şərhimizi verməkdənsə, onu qorumaqla özümüzün şərhimizi ona uyğunlaşdırmalıyıq.
Hesab edirəm ki, bu gün toponimlərə toxunmaq, başqa mənada şərh etmək olmaz. Bu gün bizə Xankəndi formasında təqdim olunan yer adımızı belə həssas dövrdə dəyişmək düzgün deyil. Toponomiya komissiyası var. Yalnız onların xüsusi rəyindən sonra hansısa toponim haqqında fikir bildirmək olar. Sözün qısası, "Xankəndiyə" olmalıdır”.
İki tərəfin fərqli fikirlərini öyrəndikdən sonra Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) sədri Vasif Sadıqlı ilə əlaqə saxladıq.
Vasif Sadıqlının fikrincə, şəhərin adı hallanarkən “Xankəndiyə” qeyd edilməlidir: “Çox təəssüf ki, Dilçilik İnstitutu səviyyəsində belə xırda məsələlər müzakirə olunur. Söz birləşməsi ilə mürəkkəb sözlərin hallandırılmasını fərqləndirə bilmirlər. "Koroğluna" yox, "Koroğluya" deyilir. Söz hallanan zaman “y" bitişdirici sammiti qəbul edilir deyənlər haqlıdır. "N" bitişdirici sammiti yalnız söz birləşmələrində artırılır.
Xankəndi mürəkkəb sözdür, digər mürəkkəb sözlər kimi "y" bitişdiricisi qəbul edir. Diqqət yetirsək, prezident.az saytı da "Xankəndiyə" olaraq qeyd edir”.