Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Qazilər.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6 810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5 890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bundan əlavə, I ixtisas qrupu üzrə 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 81 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 99 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.