Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradıldı - FƏRMAN

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradıldı - FƏRMAN backend

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.

Qazilər.az xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabineti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Müəyyən edilib ki, Təhsilin İnkişafı Fondu Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

- Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar;

- ianələr, qrantlar və cəlb edilən investisiyalar;

- Fondun fəaliyyətindən əldə olunmuş gəlir;

- qanunla qadağan olunmayan digər mənbələr.

Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

- Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- Fondun idarəetmə orqanlarının yaradılması;

- Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Fondun yenidən təşkili və ləğv edilməsi;

- “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

Təhsil Nazirliyinə:

- bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti:

- Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

- tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən etsin;

- Fondun büdcəsini və xərclər smetasını təsdiq edərkən bu Fərmanın 5.1-ci bəndinə əsasən Fonda ayrılacaq vəsaitdən Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutsun;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Diaspora