Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.
Qeyd edək ki, şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.
İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 450-dən çox müraciət müsbət həllini tapıb.