Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən bir sıra imtahanlar keçirilib.
Bu barədə DİM-dən bildirilib.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanlar 7 şəhər və rayonda təşkil olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 76 imtahan binası, 1294 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 76 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1615 nəzarətçi–müəllim, 152 buraxılış rejimi əməkdaşı, 76 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bərdə rayonunda keçirilən imtahanda isə 1 nəzarətçinin zalda olan abituriyentə kömək göstərməyə cəhd etməsi imtahan rəhbəri tərəfindən müəyyən edilib və həmin nəzarətçi imtahandan xaric olunub. Müvafiq hal protokollaşdırılıb və araşdırma aparılacaq.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 2-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalı aparılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.