DİM-dən şok rəqəm: “9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bilməyənlər var”

DİM-dən şok rəqəm:  “9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bilməyənlər var” backend

“Buraxılış imtahanları ilə qəbul imtahanları birləşdirilməlidir” - ekspert

Dövlət İmtahan Mərkəzindən (DİM) şagirdlərinin bilikləri ilə bağlı hər kəsi məyus edən  rəqəmlər açıqlanıb. DİM-dən bildirilib ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar.

9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboy rayonunda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib", - DİM-dən bildirilib. Şagirdlərin bu cür nəticə göstərməsi nə ilə bağlıdır, buna səbəb pandemiyadır, yoxsa başqa səbəblər də var?  

Bu və digər suallarla bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, bu faktlar həqiqəti əks etdirir. Adları açıqlanan rayonlar, həmin ərazilərdə, ucqar kənd məktəblərində dərslərin demək olar ki, keçirilməməsi faktdır. Elə kənd məktəbləri var ki, orada şagird sayı həddindən artıq azdır. Məsələn, bəzi yerlərdə dərslər keçirilib, şagirdlər məsafə uzaqlığına görə gedə bilməyiblər. Bütün bu kimi amillər nəticələrə təsir edir. Statistikaya diqqət edirsinizsə, Bakının iki məktəbində ali təhsilə qəbul olunmayan şagirdlər olub. Goranboy, Ağsu və digər rayonların adları da çəkilib, həmin kənd məktəblərindən ali təhsil müəssisəsinə qəbul ola bilməyiblər. Bütün bunlar onu deməyə əsas verir ki, orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti olduqca aşağıdır. Eyni zamanda müəllimlərin yeni, standartlara cavab verəcək vəziyyətdə olmamaları ilə bağlıdır. Əksər müəllimlər kurrikulum sisteminə hazır deyillər, mövcud standartlara cavab verə bilmirlər. Bunların da nəticəsində biz şagirdlərin aşağı göstəricilərini görmüş oluruq. Bunun qarşısını almaq üçün təcili olaraq istər buraxılış imtahanlarında, istərsə də qəbul imtahanları ilə bağlı islahatlar aparılmalıdır. Ümumiyyətlə, buraxılış və qəbul imtahanlarının birləşdirilməsinin tərəfdarıyam. Şagirdlər buraxılış imtahanlarını verə bilmədiyi halda bir çox hallarda depressiv vəziyyətə düşürlər”.

Universitetlər arasında "rəqabət" yaranır" - Elçin Əfəndi

Elçin Əfəndi 

Ekspert hesab edir ki, müəllimlərin işə qəbulu prosesində yalnız peşəkar müəllimlərə üstünlük verilməlidir: “Direktorların işə qəbulunda daha çox, sırf peşəkar idarəetmə qabiliyyəti olan müəllimlərə üstünlük verilməlidir. Bütün bunlarla yanaşı, məsuliyyəti tək bir qurum deyil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrlə işləməlidir. Təməl bilgilər şagirdlərdə ailədən başlayır. Valideynlərin övladlarını nə qədər çox təhsilə marağını artıra bilsələr, bir o qədər yaxşıdır. Nə qədər ki, valideyn, şagird, müəllim və təhsil müəssisəsi birgə fəaliyyət göstərərsə, gələcəkdə bu kimi fəsadları görməyə bilərik. Təəssüflər olsun ki, bunlardan biri olmayacaqsa, nəticədən danışa bilməyəcəyik. Ona görə də bu üç sadaladığım şəxslər əl-ələ verib işləməlidir ki, bir nəticə əldə bilək”.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan  ixtisaslardan yazıb – Tam siyahı

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 2020-ci ildə attestatda bütün qiymətləri “5" olan abituriyentlərlə bütün qiymətləri ”3" olan abituriyentlərin imtahan ballarını müqayisə edib: “Buradan görürük ki, tam orta məktəbi bütün fənlərdən ”3" qiymətlə başa vuran məzunların 94.13%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. “5" qiymətlə bitirən məzunların isə yalnız 32.06%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.

Qeyd edək ki, 2020-ci ildə 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 9.69 faizini təşkil edir. 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6538 abituriyent 500-dən, o cümlədən 1739 abituriyent 600-dən yuxarı bal toplayıb.

600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 35.19%-i (612 nəfəri) I qrupun, 12.42%-i (216 nəfəri) II qrupun, 31.91%-i (555 nəfəri) III qrupun, 20.47%-i (356 nəfəri) IV qrupun abituriyentləridir. Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Naxçıvan, Mingəçevir və Bakı şəhərləri, Şahbuz, Qubadlı və Qəbələ rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12-15-i imtahanlarda 500-dən yuxarı bal toplayıb.
“Yeni Müsavat”

Diaspora