Bu gün məsələ ilə bağlı qərar veriləcək; “Şagirdləri anlayışla qarşılamalıyıq”
“Ötən il bacım 11-ci sinfi bitirdi. Onların son zəngi olmadı, bütün sinif yoldaşları məyus olmuşdular. Göz yaşları tökdülər. Bacıma görə atam da, anam da, hamımız çox üzüldük. Bu il mən də 11-ci sinfi bitirirəm, bacımın yaşadıqlarını yaşamaq istəmirəm. Sinif yoldaşlarımızla dua edirik ki, bu il ”Son zəng"ə icazə versinlər".
Bunu deyən 11-ci sinif şagirdi Sevil Əliyevadır. O, qəzetimizə müraciət edərək, məsələnin gündəmə gətirilməsini istəyir: “Həyatımın ən unudulmayan 11 ilini doğma məktəbimlə yaşadım. 1-ci sinfə gəldiyim ilk gün dünən kimi yadımdadır. 11 il birgə olduq, o partalar arxasında necə günlərim keçdi. Birgə sevindik, birgə ağladıq. Sonda belə ayrılmaq istəməzdim".
Hər il iyunun 14-də Azərbaycanda ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd edilir. Ötən il ölkəmizdə COVİD-19-a yoluxma sayının çox olması səbəbindən “Son zəng” in keçirilməsinə icazə verilmədi. Bəs bu il necə, icazə veriləcəkmi?
Nəzərə alınsa ki, artıq yoluxma sayı xeyli aşağı düşüb, karantin qaydaları da yumşaldılıb, bu il “11-ci”lərin “Son zəng” arzusunun reallaşacağına ümid yaranır. Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov da bildirib ki, 14 iyunda şagirdlər üçün “Son zəng” tədbiri mütləq keçirilməlidir: “Bu şagirdlər bir ildən çoxdur ki, məktəbə getmir, sinif yoldaşları ilə ünsiyyət qurmurlar. Bu baxımdan məktəblərimizdə son zəngin keçirilməsi qaçılmaz bir zərurət olaraq qalır. Nəzərə alsaq ki, iyun ayında “Formula 1" yarışını keçiririk. Bunun ardınca futbol üzrə çempionat keçiriləcək. Digər tədbirlərin keçirilməsinə də açıq havada icazə verilir. Təbii ki, ara məsafə gözlənilməklə, müəyyən qaydalara riayət etməklə orta məktəblərdə də ”Son zəng" tədbiri keçirilməlidir. Bu gün bizim 4447 orta ümumtəhsil məktəbimizi 86 min şagird bitirir. Onların ən böyük arzuları həyatda bir dəfə keçirilən “Son zəng” tədbirinin təşkil edilməsidir. Hesab edirəm ki, burada birmənalı şəkildə ara məsafə gözlənilməklə yalnız və yalnız birinci və on birinci siniflər deyil, eyni zamanda onların müəllimləri və digər şagirdlərin iştirakı ilə ara məsafə gözlənilməklə “Son zəng” tədbiri keçirilməlidir. Bu, mütləq olaraq tətbiq edilməsi vacib bir addımdır. Mən birmənalı şəkildə bunu dəstəkləyirəm".
Kamran Əsədov
Ekspert qeyd edir ki, ötən il “Son zəng”in olmaması bir sıra fəsadları ilə yadda qalıb: “Şagirdlərin öz sinif yoldaşlarından kənarda qalması psixoloji olaraq onlara mənfi təsir göstərdi. İstər hazırlığa gələn, istərsə də kursda oxuyan uşaqlarla bununla bağlı söhbət aparırdıq. Onlar müəyyən mənada bədbin ruhda idilər. Hətta deyirdilər ki, bizim motivasiyamıza mənfi təsir göstərir. Şagirdlərin onlara 11 il ərzində dərs deyən müəllimlərə bir təşəkkürləri var, onu çatdırmaq istəyirlər, eyni zamanda onlar son dəfə müəllimlərdən arzularını, xeyir-dualarını almaq, xatirə kimi yazdırmaq kimi qeyri-rəsmi prosedur qaydalarını həyata keçirmək istəyirlər. Bunların olmaması şagirdlərə çox mənfi təsir edir. Hesab edirəm ki, biz onları anlayışla qarşılamalıyıq. Nəzərə alsaq ki, fevral ayının 1-dən 1.4 milyon şagird hər gün məktəbə gedir, 150 min müəllim onsuz da məktəbdədir. Tədris bərpa olunub. Ona görə də birmənalı şəkildə hesab edirəm ki, şagirdlərin psixoloji vəziyyətini nəzərə alaraq məktəblərdə son zəngin qaydalar çərçivəsində qeyd edilməsi lazımdır. Mən inanıram ki, bu addım atılacaq".
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a bildirib ki, “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı qərar hələ ki verilməyib: “İyunun 8-də bu məsələ ilə bağlı qərar olacaq, ictimaiyyətə məlumat veriləcək. Hələlik bu barədə bir söz deyə bilməyəcəm”. (musavat.com)