Ümumiyyətlə regionlardakı təhsil müəssisələrində müəllim vəzifələri istisna olmaqla, laborant, metodist və s. digər vakant vəzifələrin icrasını qazilər və şəhid ailələrindən olan namizədlər üçün ayırırıq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
O bildirib ki, hazırda Təhsil Nazirliyinin siyasəti bu istiqamətdə aparılır:
“Yanvar ayından bu günə qədər təxminən 400 nəfərə qədər qazi və şəhid ailələrindən olan şəxslər təhsil sistemində işlə təmin edilib. Bu proses hələ də davam edir və bu çərçivədə “YAŞAT” Fondu ilə əməkdaşlıq edirik. Əlimizdən gəldiyi qədər məktəblərdə müvafiq vakant yerləri, pedaqoji təhsil tələb etməyən laborant, kitabxanaçı və digər inzibati vəzifələrin icrasını həmin şəxslərə həvalə edirik”.