Sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqqını bu il də dövlət ödəyəcək.
Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.
Nazirlər Kabinetindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərara verilən izahda qeyd edilib ki, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı qəbul edilib. Qərara əsasən təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.