Minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ermənistana ... - Hərbi ekspert

Minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ermənistana ... - Hərbi ekspert backend

İstənilən müharibə və münaqişə başa çatdıqdan sonra minalanmış sahələr, partlamamış hərbi sürsatlar və əldəqayırma partlayıcı qurğular həmin ərazilərin əsas probleminə çevirilir.

Qarabağda son döyüş əməliyyatları nəticəsində ordumuzun azad etdiyi ərazilərin partlayıcı maddələrdən tədricən təmizlənməsində böyük müddətlə bərabər, vəsait, kifayət qədər peşəkar personal və texniki resurs tələb olunur.

Bunu Trend-ə hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azərabycan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır: “İlk növbədə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradıldı. Bildiyiniz kimi, onun imkan və ştat strukturu ANAMA-dan daha genişdir. Digər tərəfdən, mühəndis qoşunlarımızın tabeliyində olan mühəndis-istehkam taborlarının sayı artırıldı. Yeni yaradılan strukturlar və taborların həm mexaniki, həm də texniki vasitələrlə təminatında ciddi addımlar atılır. Avropa və Türkiyədə istehsal olunan mexaniki sistemlərin ölkəmizə gətirilməsinə və tətbiqinə başlanılıb.

Eyni zamanda, bir çox xarici şirkətlərlə bərabər, tərəfdaş ölkələrin minaların təmizlənməsində iştirakı təmin olunub. Yeni şirkətlərin də bu fəaliyyətə cəlb olunması ehtimal olunur. Dolayısı ilə Azərbaycan bu prosesləri mümkün olacaq ən qısa zamanda həyata keçirməyə çalışır”.

Hərbi ekspert təəssüflə qeyd edib ki, Ermənistan bu günə kimi hələ də minalanmış sahələrin xəritələrini verməkdən imtina edir: “Onların Azərbaycan tərəfə verilməməsi düşmən ölkənin gələcəkdə azərbaycanlılarla birgə yaşayışın ən qısa zamanda təmin edilməsinə əngəl törətməklə bərabər, həm də çox sayda mülki vətəndaşlarımızın, bəzi halda hərbçilərimizin də minalanmış sahədə xəsarət almasına və həlak olmasına səbəb olur.

Bu xəritələrin Azərbaycana verilməsi üçün Ermənistan tərəfinə ciddi təzyiqlər göstərilməlidir. Bunun üçün aparıcı Qərb dövlətləri, beynəxalq hümanitar və insan hüquqları təşkilatları bu məsələlərə diqqət yetirməlidir".
Diaspora