Ermənistan üçün 2 kritik ssenari - biri Paşinyanla, digəri...

Ermənistan üçün 2 kritik ssenari - biri Paşinyanla, digəri... backend

Məğlub baş nazirin ölkə üçün ən optimal rəhbər olmasına cəmiyyətdə inam artır; Paşinyan müxalifətə qarşı yeni cəbhə açdı; politoloq: “Onun əsas hədəfi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır...”

II Qarabağ savaşındakı ağır məğlubiyyətin Ermənistanda yaratdığı siyasi böhran davam edir. Bu gün - martın 3-də müxalifət - əsasən radikallardan, revanşistlərdən və Qarabağ klanının tərəfdarlarından ibarət siyasi camiyə növbəti mitinqini keçirəcək. Baş nazir Nikol Paşinyan da sakit oturmayıb, o da vaxtaşırı öz tərəfdarları ilə küçələrə çıxır, opponentlərə “əzələ” göstərir. Özü də necə lazımdır.

Elə srağagün İrəvanda N.Paşinyanın təşkil elədiyi və yürüşlə tamamlanan mitinq cəmiyyətdə kimin hansı etimad sahibi olduğunu təkcə müxalifətə deyil, bütün dünyaya əyani göstərdi. Bu da o anlama gəlir ki, Paşinyan “dəmiri dəmirlə döyməyə” başlayıb və təzyiq altında, fiziki hədələrlə öz postundan getmək fikrində deyil.

Üstəgəl, 1 mart mitinqində o, növbədənkənar parlament seçkilərinin, referendumun (hansı ki, yarım-prezidentlik idarəçiliyinə qayıdışı nəzərdə tutur) anonsunu verməklə, faktiki, ölkədəki siyasi ehtirasları öz xeyrinə bir az da azaltmış oldu. Ermənistanın dirçəlişi ilə bağlı heç bir real proqrama malik olmayan siyasi opponentlərin olan-qalan arqumentlərini də zəiflətdi. Əslində bununla müxalifətə qarşı yeni bir cəbhə açdı.

*****

Qeyd edək ki, Nikol Paşinyanın mövcud şərtlər altında Ermənistan üçün ən optimal rəhbər olması qənaəti cəmiyyətdə yavaş-yavaş da olsa, möhkəmlənməkdədir. Sadə erməni ağı-qaradan seçmək zorundadır, çünki söhbət ən əvvəl onun və uşaqlarının gələcəyindən gedir.

“Paşinyana qarşı olan bütün bu müxalifət bizə nə təklif edə bilər? Onların ölkəni böhrandan çıxarmaq üçün aydın bir proqramları, Ermənistanın gələcəyi, dünyadakı yeri barədə aydın təsəvvürləri yoxdur. Ermənistanın özünün çağdaş tarixində ilk dəfə olaraq qardaş qırğını - vətəndaş müharibəsi ərəfəsinə gəlib çıxıb. Hansı müharibədə ki, yeni və köhnə Ermənistan tərəfdarları toqquşacaq”.

Ermənistan vətəndaş müharibəsi astanasında: düşmən öz qanına yerikləyir - GÜNÜN XƏBƏRİ

“Yeni Müsavat”ın məlumatına görə, bu sitat Armenianreport.com-dakı redaksiya məqaləsindəndir.

Müəllif ardınca yazır: “Şəxsən mənim Nikol Paşinyanın istefasını fəal şəkildə dəstəkləyənlərə bir sualım var. Xeyr, düşünməyin ki, biz Paşinyan üçün əldən gedirik. Yox. Biz, sadəcə, bu gün müxalifətin mitinqinə qatılmaq niyyətində olanları anlamaq istəyirik: nə üçün və kimlər üçün mübarizə aparırsınız? Mübahisə etmirəm, Paşinyan ideal lider deyil. O, Ermənistanı güclü iqtisadiyyata, inkişaf etmiş demokratik dəyərlər sisteminə sahib çiçəklənən dövlətə çevirmədi. Ancaq xalqa son 20 ildə olmayan bir şey verdi - azadlıq. Düşüncə azadlığı, söz azadlığı, şəxsi azadlıq, lap elə sərbəst toplaşmaq azadlığı - müxalifətin keçirdiyi saysız mitinqlərə baxın. 2018-ci ilin yazından (Nikol Paşinyan hakimiyyətə gələndən - red.) etibarən Ermənistanın sıravi bir vətəndaşı təzədən özünü insan kimi hiss eləməyə başlayıb, nəinki Köçəryanın, daha sonra isə Sarkisyanın cinayətkar-oliqarxik rejimi üçün pul qazanan bir kölə kimi”.

Müəllif müharibəni uduzan erməni generalitetini də sərt tənqid edib. “Bəli, savaşdakı məğlubiyyət və ərazilərin itirilməsinə görə günahın böyük bir payı Paşinyana aiddir. Və bu mübahisəsizdir. Ancaq məgər hərbi əməliyyatlara rəhbərlik edən həmin o Onik Qasparyan (Paşinyanın istefasını tələb edən Baş Qərargah rəisi - red.) və digər üsyançı generallar deyildimi? Bəyəm məğlubiyyətə görə onlar Paşinyanla eyni məsuliyyəti daşımır? Bu generalitet ordunu qarət edib, ərzaq və avadanlıq tədarükündən sərvət toplayıb, qoşunların döyüş hazırlığı ilə məşğul olmayıb və indi birdən-birə ”süddən çıxmış ağ qaşıq" kimi təmiz və günahsız olublar? Nədən ölkəmizdə bir çoxlarının qəfildən Onik Qasparyana sevgisi alovlandı?", - deyə müəllif ritorik sualları bir-bir sıralayır.

Erməni şərhçi eyni zamanda generalitetin arxasındakı real qüvvəyə işarə edərək yazır: “Manukyan (müxalifətin vahid namizədi - red.) və Qasparyan hakimiyyəti əldə edəcəkləri təqdirdə onu saxlaya biləcəklərmi? Əmin deyiləm. Robert Köçəryanın onu onlardan alacağı tam aydındır. Köçəryan ədalətli seçkilər nəticəsində ölkəyə rəhbərlik edə bilməyəcəyini anlayır və bu səbəbdən dolaşığa düşən xalqla manipulyasiya edir. Bilməliyik ki, bizi diktator Köçəryanın qaranlıq keçmişinə qaytarmaq istəyirlər - harada ki, hamımız yenidən dinməz kölə və potensial miqrantlar olacağıq. Odur ki, müxalifətin aksiyalarına qoşulmazdan əvvəl yaxşıca düşünün”.

*****

“Ermənistanın baş naziri bəzən onun qiymətini doğru verməsək də, qərbli sponsorların məsləhəti ilə öz əsas arqumentini irəli sürüb - tərəfdarlarını meydanda toplamaqla, onların başında gedərək. Və Paşinyan tərəfdarları meydanda daha çox idilər, nəinki belə desək, hərbi xunta tərəfdarları”.

Bunu isə sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Minval.az saytına açıqlamasında deyib.

Onun fikrincə, aradakı fərq onu sübut edir ki, Paşinyan hələ də onun tərəfində olan ictimai rəydən istifadə etmək niyyətindədir.

Zülfüqarova görə, Ermənistandakı mövcud vəziyyəti proqnozlaşdırarkən bir sadə şey ciddiyə alınmalıdır: “Ermənistanın qərbyönümlü seçimi Paşinyanın ixtirası deyil. Bu, erməni cəmiyyəti tərəfindən yaradılan tarixi bir zərurətdir. Onlar Rusiyadan öz dövlətçiliklərini qorumağa kömək edəcək bütün lazımi kömək və texnologiyaları ala bilmirlər. Bu, Qərbin lehinə ictimai, sivil bir seçimdir. Və Paşinyan, sadəcə, bu planı həyata keçirir və o, xalqın dəstəyini alacaq. Bəli, onu öldürə bilərlər. Bəs dilemma ilə nə eləməli? Ermənistan son döyüşlər zamanı heç bir yardım almadığı kimi Rusiyadan yenə heç nə almayacaq. İrəvan ondan daha lazımlı texnologiyaları, sərmayələri almayacaq və Ermənistanın əhalisi azalmağa davam edəcək. Bunu yalnız Qərb dayandıra bilər. Qərbin şərti isə sadədir - Ermənistanı Rusiyadan uzaqlaşdırmaq”.

İrəvanın Qarabağla bağlı üçtərəfli sazişə sadiq qalmasına gəlincə, politoloq həmin razılaşmanı Paşinyan tərəfindən həyata keçirilən ssenarinin tərkib hissəsi sayır. “O, əla başa düşürdü ki, yalnız Qarabağ mövzusu İrəvanı Rusiya orbitində saxlayır. Artıq bu problemdən azad olmaqla o, addım-addım şərait yaradır ki, Ermənistan belə bir siyasətin məcrasından çıxsın. Bu səbəbdən, üçtərəfli razılaşmanın icrası istənilən halda həyata keçəcək - fərqi yoxdur, iqtidarda o olacaq, yoxsa Rusiyaya özünün hansısa əlaltısını hakimiyyətə gətirmək müyəssər olacaq. Çünki bu gün başqa seçim yoxdur. ”Miatsum" layihəsi isə tamamilə iflas olub", - sabiq diplomat deyib və onu da vurğulayıb ki, Paşinyan Rusiyaya qarşı balans naminə Ermənistanı Türkiyə və Azərbaycanla yaxınlaşdırmağa çalışacaq.

*****

Beləliklə, erməni xalqı gerçəkdən kritik, tarixi seçimlə üz-üzə qalıb. Onun önündə indi iki ssenari var. Bəs yola o, kimlə davam edəcək - müharibədə məğlub olsa da pis-yaxşı ölkəni böhrandan çıxarmaq üçün nəsə eləməyə çalışan, qonşularla münasibətləri qaydaya salmağa müəyyən cəhdlər edən Nikol Paşinyanla, yoxsa qaranlıq gələcək, müharibə, dağıntı vəd edən, heç bir proqramı olmayan Köçəryanla?..

“Yeni Müsavat”
Diaspora