General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT backend

BBC Rus xidməti Dağlıq Qarabağdakı rus sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov haqqında məqalə dərc edib.

Qazilər.az xəbər verir ki, Teleqraf.com məqalə əsasında topladığı bir neçə faktı sual-cavab formasında təqdim edib.

1. General milliyyətcə kimdir?

48 yaşlı Rüstəm Muradov Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasaranlıdır. Tabasaranlılar Dağıstanın yerli azsaylı xalqlarından biridir.

Muradov 2012-ci ildə “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə deyirdi: “Mən zabitlərdən milli psixologiyanın xüsusiyyətlərini bilmələrini tələb edirəm. Özüm isə Qafqazın nə olduğunu izah edirəm”.

2. Muradov Çeçenistanda nə ilə fərqlənirdi?

1996-cı ildə 23 yaşlı leytenant Muradov ilk dəfə təltif olunur. Ona “Cəsarət” (rusca “Mujestva”) ordeni verilir. R.Muradov bu təltifə Çeçenistanın Yuxarı Sentoroy kəndinin ələ keçirilməsi münasibətilə layiq görülür. Leytenant Muradov həmin vaxt kəşfiyyat bölüyünə rəhbərlik edirdi.

R.Muradov ikinci “Cəsarət” ordenini 2000-ci ildə Aslan Məshədovun qərargahını ələ keçirməsi müqabilində alıb.

2009-cu ilədək Çeçenistanda xidmət etməyə davam edib, Şalidəki 17-ci motoatıcı briqadanın komandiri olub.

3. O, Donbasda nə ilə məşğul olub?

2016-cı ildə Donbasda aktiv döyüş əməliyyatları dayandırıldıqdan sonra Rüstəm Muradov Atəşkəsə Nəzarət üzrə Rusiya-Ukrayna Birgə Mərkəzində Rusiyanın nümayəndəsi olub.

4. Muradov Deyr əz-Zor bölgəsində nə edirdi?

2017-ci ildə general-mayor Rüstəm Muradov Rusiyanın Suriyada hərbi müşaviri təyin edilir. O, Deyr əz-Zor bölgəsindəki rus qoşunlarına komandanlıq etməyə başlayır.

Bu ezamiyyət yekunda yüksək qiymətləndirilir. Rusiya Prezidenti Vladimir Putin “hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə” ona Rusiya Qəhrəmanı adının verilməsi barədə fərman imzalayır.

5. General-leytenant rütbəsini nə vaxt aldı?

Suriyadan qayıtdıqdan sonra Rüstəm Muradov Mərkəz Hərbi Dairəsinin 2-ci ümumqoşun ordusuna rəhbərlik edib. Rusiya sülhməramlı qüvvələri məhz Mərkəz Hərbi Dairəsinin 2-ci ümumqoşun ordusunun tərkibinə daxildir.

R.Muradov son iki ildə Cənubi Hərbi Dairəsinin komandanının müavini idi. O, 2020-ci ilin fevralında general-leytenant rütbəsi alıb.
Diaspora